Niderlandın su ehtiyatları üzrə xüsusi elçisi Meyke van Ginneken bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi üçün Azərbaycan hökuməti və COP29-un rəhbərliyi ilə işləməyə hazır olduğunu ifadə edib.
“Report” xəbər verir ki, o, bunu ADA Universitetində “Su iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyətin mərkəzində” adlı təlimdə çıxışı zamanı bildirib.
“Biz diqqəti iqlim dəyişikliyinin fəsadlarının yumşaldılmasına yönəltməli, eyni zamanda onlara uyğunlaşmağa cəmləməliyik. Belə olan halda su mərkəzi rol oynayır. Biz suyu iqlim dəyişikliyinə uyğunlaşmanın təkanveici qüvvəsinə çevirə bilərik və Bakıda COP29-un uğurla keçirilməsini təmin etmək üçün Azərbaycan hökuməti və COP29 sədrliyi ilə işləyəcəyik”, - o qeyd edib.
Bakı iqlim konfransında qabaqcıl ekoloji həllərin yaradılması və tətbiqi əsas müzakirə mövzusu olacaq. Meyke van Ginneken qeyd edib ki, su ehtiyatlarının davamlı idarə olunması üçün beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq vacibdir.
“COP29 qabaqcıl ekoloji həllərin müzakirəsi və həyata keçirilməsi üçün mühüm platformaya çevriləcək. Azərbaycanın su problemlərinin həllinə mühüm töhfəsini qeyd etmək və bu sahədə birgə işlərin davam etdirilməsinin vacibliyini vurğulamaq lazımdır”, - o əlavə edib.