Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Neftçala şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə paylayıcı şəbəkələrin tikintisi davam etdirilir.
Bu barədə “Report”a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilir ki, Agentlik tərəfindən icra olunan layihə çərçivəsində şəhərdə içməli su şəbəkəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Rayonun Bankə qəsəbəsində də mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır.
Qeyd edək ki, Neftçala şəhərinin və rayonun bir sıra kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral su kəməri və Salyan şəhəri yaxınlığında həcmi 7 500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabr ayında həmin kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin olunub. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması, həmçinin içməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 38 km uzunluğunda ikinci magistral su kəməri çəkilib və 2023-cü ilin may ayında istismara verilib.
Neftçala şəhərinə magistral su kəmərlərinin inşası ilə paralel şəhərdə paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilir. Hazırda Neftçala şəhərində 144 km içməli su şəbəkəsinin və 140 km tullantı su şəbəkəsinin tikintisi intensiv qaydada davam etdirilir. Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılması işləri yekunlaşmaq üzrədir.
Gələcəkdə Neftçala şəhərində 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.
Xatırladaq ki, Neftçala şəhərində ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri ötən əsrin 70-ci illərində yaradılıb. Vaxtilə şəhərə içməli su Kür çayından götürülüb qismən təmizlənərək verilirdi. Son illər Kür çayında su səviyyəsinin kəskin azalması çay suyunu içməyə yararsız hala salmış, Neftçala şəhərinin və rayonun kəndlərinin içməli su təminatında ciddi çətinliklər yaranmışdı.
Neftçala rayonunda son illər həyata keçirilən içməli su layihələrindən rayon mərkəzi və magistral su kəmərinin marşrutu boyu kəndlərdə yaşayan 80 mindən çox sakin faydalanacaq.