Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) genişlənmə potensialına əhəmiyyətli təsir göstərə biləcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat xəritəsində ciddi dəyişikliklərə səbəb ola bilər.
"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanında nüfuzlu beynəlxalq beyin mərkəzlərinin tanınmış professorları, tədqiqatçıları və ekspertlərinin iştirakı ilə keçirilən “Orta Dəhliz boyunca, geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda konfransda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Ən qısa tranzit dəhlizi olan Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək. Uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti bu dəhlizin tərkib hissəsidir. Hazırda yol üzrə işlərin 40 %-i tamamlanıb. SSRİ dövründə bu dəmir yolu xətti çox fəal şəkildə fəaliyyət göstərirdi, onunla təqribən 10 milyon ton yük ötürülürdü", - deyə o qeyd edib.
"Zəngəzur dəhlizinin imkanlarını artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə logistika mərkəzlərinin və azad iqtisadi zonaların yaradılması planlaşdırılır", - deyə nazir müavini əlavə edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub.
Orta dəhliz – Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.