Nazir: "Azərbaycan xarici investisiyalar üçün əlverişli şərait yaradaraq investisiya potensialını genişləndirir"

Nazir: "Azərbaycan xarici investisiyalar üçün əlverişli şərait yaradaraq investisiya potensialını genişləndirir" Bakı. 25 oktyabr. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası bu gün öz işini nazirlər toplantısı ilə davam etdirib.
İnfrastruktur
25 Oktyabr , 2018 15:16
Nazir: Azərbaycan xarici investisiyalar üçün əlverişli şərait yaradaraq investisiya potensialını genişləndirir
Report
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası bu gün öz işini nazirlər toplantısı ilə davam etdirib.

“Report” xəbər verir ki, Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi toplantıda Türkiyənin nəqliyyat və infrastruktur naziri Məhmət Cahid Turhan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Maykl Kristides, eləcə də Rusiya, Ukrayna, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya və Bolqarıstandan sahə üzrə məsul şəxslər iştirak edib.

Toplantıda Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə çıxış edib. O bildirib ki, iclas Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi çərçivəsində keçirilir. “Sədrlik dövründə bizim üçün prioritet regionda nəqliyyat qovşaqlarının inkişafı və regional əməkdaşlığın stimullaşdırılmasıdır”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, təşkilat yarandığı gündən nəqliyyat sahəsində əməkdaşlıq iqtisadi və ticarət əlaqələrini stimullaşdıra bilən əsas istiqamət kimi müəyyənləşdirilib: “QDİƏT çərçivəsində həyata keçirilən layihələr tərəflərin regionda yüksək inkişafa malik nəqliyyat infrastrukturu yaratmasına çalışmasını nümayiş etdirir. Biz təşkilat tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndiririk”.

R.Quluzadə iclasda çıxışında Azərbaycan tərəfindən müvafiq sahədə həyata keçirilən işlərdən söz açıb: “Azərbaycan Respublikası xarici investisiyalar, o cümlədən qeyri-enerji sahələrinə sərmayələr üçün əlverişli şərait yaradaraq investisiya potensialını genişləndirir. Nəqliyyat kompleksi infrastrukturunun inkişafı, ondan istifadənin sadələşdirilməsi və xidmət keyfiyyətinin artırılmasına yönələn nəqliyyat layihələrinə investisiya qoyuluşu xüsusi əhəmiyyət kəsb edir”.

Ramin Quluzadə həmçinin vurğulayıb ki, bu gün Azərbaycan bir sıra irimiqyaslı regional nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır: “Məhz nəqliyyat sahəsinin inkişafı sayəsində ölkəmiz regionun iri tranzit və logistika mərkəzinə və vacib nəqliyyat qovşağına çevrilir”.

Bundan əlavə, nazir bildirib ki, Azərbaycanda müasir texnologiyaların tətbiqi ilə beynəlxalq və respublika əhəmiyyətli avtomobil yollarının yaxşılaşdırılması üzrə geniş işlər davam etdirilir. Avtomobil nəqliyyatı sahəsində yük və sərnişin avtonəqliyyat parkının yenilənməsi, milli daşıyıcıların mövqeyinin və texniki təchizatının möhkəmləndirilməsi, beynəlxalq daşımaların təşkili metodlarının təkmilləşdirilməsi, rəqəmli taxoqrafların və “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı işlər görülür.

“Dəniz donanmasının yenilənməsi üzrə işlər mütəmadi olaraq həyata keçirilir. Xəzər dənizi regionunda multimodal daşımaların geniş tətbiqi, ümumilikdə, dəniz daşımalarının sadələşdirilməsi və həcminin artırılması üçün yeni tanker və bərələr alınır”, - deyə R.Quluzadə əlavə edib.

Nazir həmçinin ötən ilin oktyabrında istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti, Ələt azad iqtisadi zonasının yaradılması üzrə işlər haqqında danışıb.

R.Quluzadənin sözlərinə görə, bu layihələr və digərləri Qara dəniz və Xəzər dənizi regionunda birbaşa beynəlxalq avtomobil bərə və dəmir yollarının yaradılmasına xidmət etməklə Azərbaycan Respublikasının mühüm nəqliyyat qovşağı kimi tranzit potensialını artırır.

“Nəqliyyat sahəsinin inkişafı iqtisadiyyatın digər sektorlarının inkişafına bilavasitə təsir göstərir, turizm imkanlarının artmasına xidmət edir. Hesab edirik ki, regionun nəqliyyat potensialından maksimum istifadə və yeni çağırışlara reaksiya üçün biz hamımız nəqliyyat əməliyyatlarını effektiv koordinasiya etməli, göstərilən xidmətlərin səviyyəsini artırmalı, innovasiyalar tətbiq etməli, rəqabətli mühiti inkişaf etdirməli, maneələri aradan qaldırmalı və tranziti sadələşdirməliyik”,- deyə nazir qeyd edib.

Daha sonra nümayəndə heyətlərinin başçılarının, müşahidəçilərin və beynəlxalq təşkilatların nümayəndələrinin bəyanatları dinlənilib.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat sahəsi üzrə əməkdaşlıq əlaqələri, “Qara dəniz dairəvi avtomobil yolunun inkişaf koordinasiyası”, “Dəniz magistralının inkişafı”, “Yüklərin avtomabil nəqliyyatı ilə daşınmasının asanlaşdırılması” sahəsində anlaşma memorandumlarının qəbul edilməsi və işçi qrupuna nəqliyyat sahəsində çalışan nümayəndələrin təyin edilməsi kimi məsələlər müzakirə olunub və qəbul olunub.

Bundan başqa, “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə multimodal bərə və sərnişin xətlərinin inkişafı” üzrə Rusiya Federasiyası tərəfindən təklif olunmuş anlaşma memorandumu, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələ də iclasın gündəliyinə daxil edilib.

Qeyd edək ki, ölkəmiz 1992-ci ildən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir. Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi