Nardaran sakinlərinə 2 mln. manata yaxın kompensasiya ödənilib - FOTO/VİDEO

Nardaran sakinlərinə 2 mln. manata yaxın kompensasiya ödənilib - FOTO/VİDEO Bu vəsait sökülən evlərin və obyektlərin sahiblərinə verilib
İnfrastruktur
19 Mart , 2016 15:37
Nardaran sakinlərinə 2 mln. manata yaxın kompensasiya ödənilib - FOTO/VİDEO

Bakı. 19 mart. REPORT.AZ/ Abşeron küçəsinin yenidən qurulması yekunlaşmaq üzrədir. Azəravtoyol” ASC-dən "Report"a verilən məlumata görə, yaxın günlərdə küçə tam yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. Küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 m olub. Cəmiyyətdən bildirilib ki, bundan əvvəl küçənin ensiz olması, uzun müddət təmir edilməməsi və piyada səkilərinin olmaması vətəndaşların gediş-gəlişində çətinliklər yaradırdı. 

Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilib. İndiyədək bu istiqamətdə ödənilən məbləğ 2 mln. manata yaxındır.

Aparılan işlər çərçivəsində genişləndirilmiş küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni darvazalar qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri ( qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilib, köhnələri isə tamamilə təzələnib.

Küçə boyu hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilib, 4500 p/m yeni səki daşı düzülüb. Səkilərin 8800 kv.m sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılıb. Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m diametrində yeni dairə inşa edilib.

Hazırda küçəyə asfalt-beton örtüyünün sonuncu, aşınma qatı döşənir. Ümumilikdə isə küçənin 40 min kv.m sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bu işlərə paralel olaraq avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılır, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılır.

Abşeron küçəsində işlər yekunlaşdıqdan sonra Nəsrulla Əsgərov küçəsində də yenidənqurma işlərinə başlanılacaq. Aparılacaq işlər çərçivəsində 780 m uzunluğundakı küçənin mövcud ortalama 6 m enindən genişləndirilərək 16 m-ə çatdırılacaq. Nəsrulla Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1500 p/m səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.

Qeyd edək ki, Azəravtoyol” ASC işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi onlarla işsiz qəsəbə sakinini işlə təmin edib.

Son xəbərlər

Orphus sistemi