Füzuli şəhəri müxtəlif səviyyəli nəqliyyat xətlərini özündə birləşdirən işgüzar mərkəzə çevriləcək.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov bu gün Füzuli Beynəlxalq Hava Limanında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclasında deyib.
“İsğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş Planına əsasən Füzuli şəhərində insanların sağlam və uzunömürlü yaşaması üçün “Blue zone” yanaşması tətbiq olunacaq, yaşıl ərazilər və rekreasiya zonaları yaradılacaq”, - N. Hümmətov deyib.
Onun sözlərinə görə, Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə bu sahədə uzunmüddətli və böyük təcrübəyə malik Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb: "İşğaldan azad edilmiş ərazilərin Ümumi Planına uyğun olaraq işlənilmiş Füzuli şəhərinin Baş Planı 2040-cı ilə qədərki inkişaf dövrünü əhatə edəcək.
Sənədə əsasən şəhərdə müxtəlif nəqliyyat növləri arasında rahat əlaqələndirmə imkanlarının təmin edilməsi, şəhərdaxili ərazilərdə fərdi avtonəqliyyat vasitələrindən istifadənin azaldılması, mühərriksiz nəqliyyat vasitələrindən istifadə, müxtəlif sosial-iqtisadi qruplar üçün uyğun mənzil imkanları, velosiped və piyada yollarının qurulması, təbiət əraziləri ilə vəhdətdə inkişaf edən şəhər strukturunun formalaşdırılması, kommunal xidmətlər də daxil olmaqla yüksək keyfiyyətli xidmət obyektlərinin yaradılması hədəflənib. Həmçinin, əhalinin istirahət və əyləncə ehtiyacları üçün Baş Planda bir-biri ilə əlaqələndirilmiş yaşıllıq əraziləri və açıq məkanlar, güclü sosial həyat, mənəvi dəyərə malik obyektlər və mədəniyyət təsisatları nəzərdə tutulub".