MİDA: İnvestorların vəsaiti hesabına tikiləcək binanın mənzilləri güzəştli şərtlərlə təklif olunacaq

İnfrastruktur
  • 13 iyul, 2017
  • 13:11
MİDA: İnvestorların vəsaiti hesabına tikiləcək binanın mənzilləri güzəştli şərtlərlə təklif olunacaq

Bakı. 13 iyul. REPORT.AZ/ "Ötən müddət ərzində “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 5 797 müraciət qəbul olunaraq qeydiyyata alınıb, müvafiq kateqoriyalara aid olan 5 376 vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib".

“Report” xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev ilin 6 ayı ərzində Agentliyin fəaliyyətinin nəticələri ilə bağlı keçirilən iclasda çıxış edərkən deyib.

S.Nuriyevin sözlərinə görə, vətəndaşların rahatlığı üçün “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin elektron qaydada qəbulu ilə yanaşı müvafiq “ASAN Xidmət” mərkəzləri vasitəsilə də qəbulu təşkil olunub.

Qurum rəsmisi deyib ki, Yasamal Yaşayış Kompleksindəki 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin tikintisi aparılır, 3 mərtəbəli ümumtəhsil məktəbinin binasının isə tikinti-quraşdırma işləri artıq tamamlanmaq üzrədir: “Hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır. 29 yaşayış binasından ibarət olacaq Yasamal Yaşayış Kompleksinin hazırda 25-nin tikintisi, habelə elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işləri paralel olaraq həyata keçirilir. Ötən müddət ərzində Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması çərçivəsində 3 yaşayış binasının tikintisi, habelə ərazidə rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu sahədə müvafiq xidmətlərin göstərilməsi üzrə investisiya müsabiqələri keçirilib. Hər iki müsabiqə nəticəsində seçilmiş investorlarla təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 11 mln. manatdan artıq özəl investisiyanın cəlb olunması gözlənilir. İnvestorlardan biri tərəfindən öz vəsaiti hesabına tikiləcək 3 binadan biri mənzillərini güzəştli şərtlərlə vətəndaşlara təklif etmək üçün “MİDA” MMC-yə təmənnasız olaraq təhvil veriləcək, digər 2 binanın mənzillərinin bazar qiymətinə satışı isə investor tərəfindən həyata keçiriləcək. İkinci investor tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılması təmin ediləcək”.

İclasda bildirilib ki, MİDA-nın ikinci layihəsi olan və Nazirlər Kabinetinin 22 fevral 2017-ci tarixli sərəncamı ilə “MİDA” MMC-yə ayrılmış 20 ha torpaq səhəsini əhatə edəcək Hövsan Yaşayış Kompleksinin şəhərsalma əsaslandırılmasının (Baş Planın) hazırlanması işləri başa çatdırılıb, layihə-smeta sənədlərinin hazırlanması üzrə təşkil olunmuş tender proseduru yekunlaşmaq üzrədir.