"Bakı Metropoliteni" QSC-də ventilyasiya sisteminin səmərəliliyinin artırılması baxımından daha bir uğurlu addım atılıb.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, metronun “İçərişəhər” stansiyasında 2008-ci ildə qurulmuş, zaman keçdikcə yeniləşdirilməsinə ehtiyac yaranmış çiller-fankoyl sistemi yenidən qurulub. “İçərişəhər”dən sonra ikinci belə sistem 2011-ci ildə “Koroğlu” stansiyasında quraşdırılıb.
"Çiller soyudulan suyun fankoyla - havalandırma sisteminə ötürülməsi ilə atmosferdən daxil olan havanın temperaturunu dəyişir. Aparılmış araşdırma-müayinə tədbirlərindən sonra “İçərişəhər” stansiyasında çiller havalandırma sisteminin daha optimal variantının tətbiqinə nail olunub. Burada bir sıra praktiki məsələlər də yer alıb. Bu dəfə fankoylları əvəz edən havalandırma sistemi piramidanın kənarından alt hissəsinə keçirilib və piramidanın yuxarı hissəsində ikinci belə bir sistem quraşdırılıb. Daha bir havalandırma qurğusu eskalatorların maşın zalına, rele otaqlarına və digər xidməti sahələrə xidmət göstərir. Eləcə də xüsusi kanallar soyudulmuş havanı vestibüldə bərabər paylayır.
Sistem avtomatik idarəetmə və mühafizə funksiyası ilə təmin edilib. Suyun hərarəti verilmiş həddən yuxarı qalxdıqda, çillerin kompressoru işə qoşulur və onu norma çərçivəsinə qaytarır.
Gələcəkdə çiller-fankoyl sistemləri və onların daha müasir nümunələri başqa stansiyalarda da tətbiq ediləcək", - qurum bəyan edib.