Ötən il Azərbaycanda mənzil tikintisinə 1,3 mlrd. manatdan çox vəsait xərclənib
- 23 yanvar, 2019
- 13:26
Bakı. 23 yanvar. REPORT.AZ/ 2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2 084,7 min kvadrat metr və ya ötən illə müqayisədə 3,3% çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, il ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 1 313,8 mln. manat olub, onun 252,3 mln. manatı dövlət, 1 061,5 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.
Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2018-ci ildə 13,7 min fərdi yaşayış evi tikiblər ki, onların 23,3%-i Bakı şəhərində, 19,5%-i Naxçıvan Muxtar Respublikasında, 4%-i Masallı, 3,9%-i Sabirabad, 49,3%-i isə ölkənin digər şəhər və rayonlarında inşa edilib.