Macarıstanın WizzAir şirkəti mart ayından Bakıya aviareysləri bərpa edəcək
- 30 oktyabr, 2014
- 10:58
Bakı. 30 oktyabr. REPORT.AZ/ Macarıstanın WizzAir aviaoperatoru 2015-ci il mart ayının 29-dan Budapeşt-Bakı marşrutu üzrə aviareysləri həyata keçirəcək.
Aviaşirkətdən "Report"a bildirilib ki, bu haqda razılaşma Macarıstan və Azərbaycan tərəfləri arasında əldə olunub.
Şirkətdən bildirilib ki, reyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək. Baqaj hesablanmadan bir biletin qiyməti 39 avrodan başlayacaq.
Qeyd edək ki, WizzAir şirkəti 2013-cü ilin iyun ayından Bakıya uçuşları yerinə yetirir. Lakin uçuşa icazə verən müqavilə müddətinin bitməsi ilə əlaqədar tərəflər reyslərin davam etdirmək şərtləri haqqında razılığa gələ bilmirdilər.
WizzAir-in saytında Budapeşt və Bakı arasında bu ilin noyabr ayı üçün uçuş qrafiki göstərilməyib.