Kürdəmirdə kəndin 500 illik problemi 2 ilə həll olunacaq

Kürdəmirdə kəndin 500 illik problemi 2 ilə həll olunacaq Kürdəmirin Təklə kəndini rayon mərkəzi ilə birləşdirən əsas yolun asfalt örtüyünün olmaması bu yoldan mütəmadi istifadə edən yerli sakinlərin narazılıqlarına səbəb olub. Təklə kəndi Osmanlı imperiyasının ərazisində yaşayan, sonralar Qzı xanın başçılığı il
İnfrastruktur
13 Oktyabr , 2021 19:15
Kürdəmirdə kəndin 500 illik problemi 2 ilə həll olunacaq

Kürdəmirin Təklə kəndini rayon mərkəzi ilə birləşdirən əsas yolun asfalt örtüyünün olmaması bu yoldan mütəmadi istifadə edən yerli sakinlərin narazılıqlarına səbəb olub.

Təklə kəndində Osmanlı imperiyasının ərazisində yaşayan, sonralar Qazi xanın başçılığı ilə Azərbaycana köç edərək 1540-cı ildə I Təhmasibin itaətini qəbul edən Təklə Mirzəbabanın burada məskən salması ilə yaşayış başlayıb. Sonralar Təklə tayfası 14 tirə, müxtəlif nəsillərə və qollara ayrılaraq Azərbaycanın müxtəlif ərazilərinə yayılıblar. Hazırda 50 nəfərə yaxın əhalisi olan və rayon mərkəzindən 16 kilometr aralıda yerləşən Təklə kəndinin əsas avtomobil yoluna heç sovet dönəmində də asfalt döşənməyib. Yolun 10 kilometrindən Kürdəmir-Ağsu magistralı keçdiyi üçün yalnız yolun bu hissəsi asfaltlaşdırılıb. Qalan 6 kilometr isə kənd sakinlərinin həm avtomobillə, həm də piyada hərəkət etmələri üçün çətinliklər yaradır.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna məlumat verən yerli sakinlər bildiriblər ki, çox vaxt rayon mərkəzindən kəndə taksi ilə gedərkən yolun bərbad və keçilməz olduğunu görən sürücü sərnişinləri müxtəlif bəhanələrlə aldadaraq onları orada düşürür və kəndə qədər getməkdən imtina edir. Yolun kəndə qədər olan hissəsi tamamilə torpaq örtüyündən ibarət olduğu üçün sakinlər qışda palçıq və qrunt sularının yaratdığı kiçik gölməçələr, yayda isə toz-torpaq səbəbi ilə yolda hərəkət edərkən çətinliklərlə üzləşdiyini deyirlər.

Sakinlər həmçinin qeyd ediblər ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyi 2020-ci ildə Kürdəmirdə yerli sakinlərlə görüşü zamanı rayonun Cəyli, Qarasaqqal və Təklə kəndlərinin yollarının asfaltlaşdırlması ilə bağlı göstəriş verib. Və bu göstərişdən sonra Qarasaqqal və Cəyli kəndlərində yolların yenidən qurulması və asfaltlaşdırılması işlərinə başlanılsa da, Təklə kəndində heç bir yenilik olmayıb.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli “Report”un yerli bürosuna bildirib ki, Təklə kəndinə gedən yol təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib.

A.Nəcəfli əlavə edib ki, yolun yenidən qurulması və asfaltlaşdırılması işləri maliyyə vəsaiti ayrılandan sonra Agentlik tərəfindən həyata keçiriləcək: “Onu deyim ki, Qarasaqqal-Cəyli yolunun yenidən qurulması və asfaltlaşdırılması ilə bağlı işlər cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə başlanılıb. Burada yalnız iki yaşayış məntəqəsini - yəni sözü gedən kəndləri birləşdirən avtomobil yolunun yenidən qurulması ilə bağlı olub. Sərəncamda Təklə kəndinin yolunun yenidən qurulması ilə bağlı hər hansı göstəriş olmayıb. Lakin dediyim kimi, Təklə kəndinin yolu təmirə ehtiyacı olan yolların siyahısına salınıb. Maliyyə vəsaiti ayrılandan sonra bu kəndin yolu da yenidən qurularaq asfaltlaşdırılacaq.

Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq Şöbəsinin müdiri Məhəmməd Hidayətov “Report”un Yuxarı Şirvan bürosuna bildirib ki, kənd yollarının yenidən qurulması və asfaltlaşdırılması işləri AAYDA tərəfindən növbəli şəkildə həyata keçirilir.

RİH rəsmisi əlavə edib ki, rayonun Təklə kəndinə gedən yolun yenidən qurulması və asfaltlaşdırılması işlərinə 2023-cü ildə başlanılması nəzərdə tutulub.

Beləliklə, təqribən 500 ilə yaxın yaşı olan Təklə kəndinin yarım eralıq probleminin həlli üçün sakinlər 2 il gözləməli olacaq.

Son xəbərlər

Orphus sistemi