Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə tikinti işlərinin təxminən 82 %-i yekunlaşdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı məlumat verib.
O, xətt üzrə yük daşınmalarının pilot rejimdə həyata keçirildiyini bildirib.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.