İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib

İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.
İnfrastruktur
542
15 Mart , 2022 13:29
İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib:

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür. Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.

Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Qeyd etdiyim kimi, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Əlbəttə ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması qeyd etdiyim kimi, bizim ixrac imkanlarımızı da artırır.

“Masdar” şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki, bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir. Əslində Azərbaycan Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında icra müqaviləsi bir il bundan əvvəl imzalanmışdır. Bu müddət ərzində hazırlıq işləri gedirdi və bu gün biz artıq təməlqoyma mərasiminə toplaşmışıq.

Bildirməliyəm ki, bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcəkdir və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpaolunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli ilə bağlı çalışırıq və bu gün real nəticələr görürük. Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. Mən buna əminəm, biz artıq bu işin təzahürlərini görürük. Onu da nəzərə almalıyıq ki, qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik - təbii qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik.

Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər. Bildirməliyəm ki, işğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti o vaxt işğal altında olan torpaqlarda bütün infrastrukturu, bütün binaları, tarixi, dini abidələrimizi dağıtmışlar, bunu təsdiqləyən bir çox sənədlər, video-foto məlumatlar vardır. O cümlədən Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişlər və biz artıq azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlayaraq, o cümlədən elektroenergetika sahəsinə böyük diqqət göstərmişik. Keçən il 4 su elektrik stansiyasını bərpa etmişik. Onların ümumi generasiya gücü 20 meqavatdır. Bu il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Düzdür, digər stansiyalarla müqayisədə həcm o qədər də böyük deyil. Lakin bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Güləş və külək elektrik stansiyalarının yaradılması üçün təbii ki, daha böyük potensial var. Yenə də demək istəyirəm ki, bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır.

Xarici bazarlar bizim hüdudlarımızın kənarındadır və Avropadadır. Yenə də deyirəm, böyük tələbat var. Daxili tələbat artmaqdadır. Müstəqillik dövründə Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıbdır. Yəni, bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, sənaye və iqtisadiyyatımız artır. Bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Əlavə etsəm ki, Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik. Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. Bizim siyasətimiz isə ölkəmizin bundan sonrakı sürətli inkişafını təmin etmək, əlbəttə ki, ilk növbədə, azad edilmiş torpaqları bərpa etmək, - bu, böyük ərazidir, 10 min kvadratkilometrdən çox bir ərazidir, - və eyni zamanda, ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir. Bu, aksiomadır ki, elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, birinci şərtdir, bu, əsas şərtdir. Xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır - həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bir çox dostlarımız var, onlardan biri də Birləşmiş Ərəb Əmirlikləridir. Mən bütün sərmayə maraqlarını, biznes maraqlarını nəzərə alaraq onu da bildirməliyəm ki, əgər iki ölkə arasında yaxın dostluq əlaqələri olmasaydı, yəqin ki, bu layihəni də biz görməzdik. Yəni, bütün bu amillərin vəhdəti çox gözəl bir imkan yaradır. Hesab edirəm ki, biz bu imkandan böyük səmərə ilə istifadə edirik və edəcəyik.

Mən stansiyanın inşasına uğurlar arzulayıram, “Masdar” şirkətinə bizə etibar etdiyi və böyük sərmayəni qoymağa planlaşdırdığı üçün təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, biz yaxın gələcəkdə Qaradağda bu stansiyanın açılışını birlikdə qeyd edəcəyik. Sağ olun.

Sonra Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei mərasimdə çıxış edib.

Mərasimdə Azərbaycanda bərpaolunan enerji sahəsində görülən işlər barədə videoçarx nümayiş etdirilib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei stansiyanın təməlini qoyublar.

11:53

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib.

Son xəbərlər

Orphus sistemi