İcmal: Azərbaycanda su təchizatında yaranmış fasilələrin orta müddəti 1,98 saat təşkil edib

İcmal: Azərbaycanda su təchizatında yaranmış fasilələrin orta müddəti 1,98 saat təşkil edib Biznes mühitinin su təchizatı və kanalizasiya xidmətləri də daxil olmaqla müxtəlif sahələrinə aid qanunvericilik normaları və elektron dövlət xidmətləri haqqında icmal hazırlanıb.
İnfrastruktur
23 Dekabr , 2024 14:00
İcmal: Azərbaycanda su təchizatında yaranmış fasilələrin orta müddəti 1,98 saat təşkil edib

Biznes mühitinin su təchizatı və kanalizasiya xidmətləri də daxil olmaqla müxtəlif sahələrinə aid qanunvericilik normaları və elektron dövlət xidmətləri haqqında icmal hazırlanıb.

"Report" xəbər verir ki, bu icmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib edilib.

Hesabata görə, icmalın məqsədi biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsini artırmaqdır. Qanunvericiliyə əsasən, su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS) qoşulma üçün müraciətlər xidmət nöqtələrindən, yəni “ASAN Kommunal”, “ASAN xidmət” mərkəzləri və Kiçik və Orta Biznes (KOB) evləri (sahibkarlıq subyektləri üçün) tərəfindən verilə bilər.

Tikinti obyektinin STTSAS-yə qoşulması, müraciət tarixindən etibarən 30 gün ərzində təmin edilməlidir. Xidmət haqqı isə Tarif (qiymət) Şurasının qərarlarına uyğun olaraq ödənilir. Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarına əsasən, su təchizatı xidmətlərinin tarifləri (1 kubmetr üçün) Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda əhali istehlakçı qrupu üçün 70 qəpik, digər inzibati ərazilərdə əhali istehlakçı qrupu üçün 60 qəpik, qeyri-əhali istehlakçı qrupu üçün isə 1 manat təşkil edir. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri (1 kubmetr üçün) əhali istehlakçı qrupu üçün 30 qəpik, qeyri-əhali istehlakçı qrupu üçün isə 1 manat təşkil edir.

2023-cü il ərzində respublika üzrə istehlakçılar üçün su təchizatında yaranmış fasilələrin orta müddəti (SAIDI) 1,98 saat, fasilələrin orta sayı (SAIFI) - 0,24 dəfə olub.

“Sudan istifadə Qaydaları”na əsasən, istehlakçılar ilə su təchizatı müəssisəsi arasında hesablaşmalar balans mənsubiyyəti sərhədində quraşdırılan müvafiq suölçən cihaz vasitəsilə aparılır. Standartlara uyğun olmayan suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır.

Son xəbərlər

Orphus sistemi