Horadiz-Ağbənd dəmiryolunun illik yükdaşıma qabiliyyəti açıqlanıb
- 20 fevral, 2023
- 12:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Horadiz-Ağbənd dəmiryolu xətti ilə illik 15 milyon tondan çox yükün daşınması nəzərdə tutulub.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı deyib.
"Hələ sovet dövrünə fikir versək bu layihənin yükdaşıma gücü 15 milyon ton nəzərdə tutulmuşdu. Amma bizim hazırki layihəmizin imkanları daha genişdir. Bu baxımdan biz illik 15 milyon tondan çox yük daşımağı nəzərdə tutmuşuq. Zəngəzur dəhlizi açıldıqdan sonra bu reallaşacaq", - T.Abbaslı deyib.
Onun sözlərinə görə, mövcud layihə üzrə isə xətt üzrə dizel yanacağı ilə çalışan qatarlar hərəkət edəcək.
T.Abbaslı həmçinin Horadiz-Ağbənd dəmiryolu xəttinin gələcəkdə elektrikləşdirilməsini planlaşdırdığını deyib.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb.
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110,4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.
Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.