Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək reytinqə layiq görülüb

Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək reytinqə layiq görülüb Hava limanı iki metrlik sosial məsafənin saxlanmasına nəzarət edən bütün lazımi işarələrlə təchiz edilib
İnfrastruktur
135
12 Aprel , 2021 15:58
Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək reytinqə layiq görülüb

"Skytrax" beynəlxalq hava nəqliyyatı üzrə reytinqi agentliyi Heydər Əliyev Beynəlxalq Aeroportunu koronavirus (COVID-19) pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək - "5 ulduzlu" reytinqə layiq görüb. Bakı aeroportu bu baxımdan dünyada 5-ci hava limanı olub.

Bu barədə "Report"a hava limanından bildirilib.

Məlumata görə, bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.

"Skytrax" agentliyinin COVID-19 reytinqi, koronavirus pandemiyası dövründə hava limanlarında sağlamlığın qorunması və təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin peşəkar və elmi araşdırmalara əsaslanaraq aparılmış dünyada yeganə qiymətləndirməsi və sertifikatlaşdırmasıdır. COVID-19 auditi 2021-ci ilin mart ayında, COVID-19 pandemiyası dövründə sərnişinlərin və işçi heyətin təhlükəsizliyini qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən tətbiq olunan 175-dən çox təhlükəsizlik protokolunun qiymətləndirilməsi məqsədilə keçirilmişdir. Audit, ICAO Şurası, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) və Xəstəliklərin qarşısının alınması və nəzarət olunması üzrə Avropa Mərkəzinin (ECDC) tövsiyələrinə uyğun olaraq, hava limanı tərəfindən sağlamlığın qorunması, gigiyena və təhlükəsizlik tədbirlərinə riayət olunması dərəcəsinin qiymətləndirilməsini əhatə edir.

“Sərnişinlərin təhlükəsizliyi və sağlamlığı hər zaman ən yüksək prioritetimizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu da daxil olmaqla, hava limanlarında vaxtında görülən tədbirlər sayəsində müvafiq infrastruktur yaradılaraq aerovağzal kompleksinin fəaliyyətini ən qısa müddətdə bərpa etməyə bacardıq. Keçirilmiş auditə və gördüyümüz işlərin yüksək qiymətləndirilməsinə görə "Skytrax" agentliyinə təşəkkürümü bildirirəm" - deyə "AZAL" aviaşirkətinin prezidenti Cahangir Əsgərov bildirib. Qeyd edilən audit COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün hava limanının obyektləri və xidmətləri tərəfindən prosedurlara effektiv və düzgün şəkildə riayət olunmasını qiymətləndirir. Onlara terminalın təmizliyi, işçi heyət tərəfindən fərdi qoruyucu vasitələrdən istifadə, aerovağzal binasında döşəməyə və skamyalara vurulan müvafiq işarələr və nişanlar, qida məhsulları və içkilərin təmizlik və gigiyena qaydalarına riayət olunması, eləcə də sosial məsafənin saxlanmasına və maskalardan istifadəyə nəzarətin həyata keçirilməsi daxildir.

“Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən təsdiqlənmiş ən yüksək COVID-19 təhlükəsizlik reytinqi sərnişinlərin uçuşlara olan inamını bərpa etmək üçün təhlükəsiz səyahət zəmanətini verir. Hava limanında görülən bütün təkməlləşdirmə tədbirləri sayəsində ən yüksək gigiyena və təhlükəsizlik standartları təmin edilir. Heydər Əliyev Beynəlxalq Aeroportu, COVID-19-un yayılması ilə əlaqəli riskləri azaltmaq üçün yaxşı balanslaşdırılmış təhlükəsizlik təcrübəsi portfelini təqdim edir. Onları belə yüksək standartlara nail olmaları münasibətilə təbrik edirik”, - deyə "Skytrax" agentliyinin icraçı direktoru Edvard Pleysted vurğulayıb.

COVID-19 auditi çərçivəsində maskalardan istifadə qaydalarına riayət olunmasına, əməkdaşlar və sərnişinlər arasında sosial məsafənin qorunmasına diqqətlə nəzarət edilir. Hava limanında təmizliyə və gigiyena qaydalarına riayət olunması auditinə avadanlıqların qiymətləndirilməsi, təmizlik xidmətinin işçilərinin sayı və effektivliyi ATF testi vasitəsilə ölçülən dezinfeksiyanın müntəzəmliyi daxildir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda beynəlxalq standartlara uyğun olaraq, təmizlik və gigiyena qaydalarına riayət olunması üzrə ciddi prosedurlara əməl olunur. Hava limanı iki metrlik sosial məsafənin saxlanmasına nəzarət edən bütün lazımi işarələrlə təchiz edilib.

Son xəbərlər

Orphus sistemi