Həsən Pezük: “BTQ üzrə lokomotiv və vaqon dəstəyini artırmağa davam edəcəyik”

Həsən Pezük: “BTQ üzrə lokomotiv və vaqon dəstəyini artırmağa davam edəcəyik” Dünyanın 60-dan çox ölkəsini, 4,5 milyard insanı və dünya iqtisadiyyatının 30 %-ni əhatə edən Orta Koridor böyük logistik və nəqliyyat potensialına sahibdir
İnfrastruktur
21 Mart , 2021 13:44
Həsən Pezük: “BTQ üzrə lokomotiv və vaqon dəstəyini artırmağa davam edəcəyik”

“Bakı-Tiblisi-Qars (BTQ) dəmiryolu xətti ilə açıldığı 3 il ərzində təxminən 900 min ton yük daşınıb. Türkiyə Respublikası Dövlət Dəmiryolları (TCDD Transportation) bu xətt üzrə lokomotiv və vaqon dəstəyini artırmağa davam edəcəyik”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Beynəlxalq Birliyinin İşçi Qrupun iclasında "TCDD Transportation"ın Baş direktoru Həsən Pezük deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının qarşısını almaq üçün ölkələrarası keçidlərin məhdudlaşdırılmasının bütün dünyada tədarük zəncirinə mənfi təsir göstərib və bu dövrdə quru yolları ilə daşımalardan dəmir yoluna ciddi yük axını olub. Xüsusi ilə quru yollarında alınan tədbirlər və məhdudiyyətlər ilə beynəlxalq dəmir yolu yük daşımalarında artıma səbəb olub:

“Artan bu tələblərin ödənilməsi və tədarük zəncirinin pozulmaması üçün beynəlxalq dəmir yolu yükdaşımaları üzrə Baş Direktorluğumuz tərəfindən lazımi tədbirlər görülüb. Bu çərçivədə bütün dəmir yolu sərhəd qapılarımızda vaqon keçidləri insan təması olmadan həyata keçirilməyə başlanıb və tələb olunan dəmir yolu sərhəd keçidlərində tutum artımı təmin edilib. Bu gün ölkəmizdən keçən blok qatarlarla BTQ xəttində Avropanın bir sıra ölkəsinə, İrana, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiya və Çinə yük daşıyırıq”.

H.Pezük bildirdi ki, Orta Koridor, Türkiyənin liman əlaqələri sayəsində Asiyadakı yük daşımalarının Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi bölgəsinə çatması üçün əhəmiyyətli imkanlar təqdim edir: "Bundan başqa, dəmir yolu və dəniz nəqliyyatının birlikdə istifadə olunduğu liman bağlantılı kombinə edilmiş şəkildə həyata keçirilən ixracat yüklərimiz fərqli ölkələrə intensiv şəkildə davam edir.

Dünyanın 60-dan çox ölkəsini, 4,5 milyard insanı və dünya iqtisadiyyatının 30 %-ni əhatə edən Orta Koridor böyük logistik və nəqliyyat potensialına sahibdir. Bu xətt, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə qısa müddətdə Ukraynaya və digər Avropa ölkələrinə tranzit yolu ilə ən sürətli və iqlim baxımından ən uyğun marşrut kimi ön plana çıxır”.

Marmaray keçidi, Orta Dəhliz və BTQ dəmir yolu xətti ilə Avropaya fasiləsiz dəmir yolu nəqliyyatının təmin edildiyini xatırladan H. Pezük, bunun dünya logistikasında çox vacib olduğunu deyib.

H.Pezük bildirib ki, bu gün keçirilən İşçi Qrupun iclasının əsas məqsədi Transxəzər marşrutunun digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabət qabiliyyətinin daha da artırılmasıdır: "Buna nail olacağımıza ümid edirik".

Qeyd edək ki,Türkiyə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukraynadan üzv dəmir yolu şirkətlərinin, həmçinin Polşa və Rumıniyadan dəmiryolu şirkətlərinin rəsmilərinin video konfransla qatıldığı (ZOOM) TITR işçi qrupunun iclası İstanbulda keçirilir.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi