Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır
- 05 dekabr, 2018
- 10:08
Bakı. 5 dekabr. REPORT.AZ/ Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.
Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 281 yoldəyişən yenisi ilə əvəz olunub.
Hazırda Hacıqabul stansiyasında 11 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış “Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.