Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyu ölkənin tranzit potensialını artırmaq üçün gömrük keçid məntəqələrində infrastrukturu inkişaf etdirir.
"Report" xəbər verir ki, bunu IMEDI telekanalına açıqlamasında Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili deyib.
“Avrasiyanı birləşdirən Orta Dəhlizin rolu getdikcə artır. Buna görə də Gürcüstan gömrüyündən tranzit axını xeyli artıb. Üstəlik, Orta Dəhlizlə daşınan yüklərin həcminin bir neçə dəfə artacağı gözlənilir”, - o vurğulayıb.
Onun sözlərinə görə, 2023-cü ildə Gürcüstan-Azərbaycan sərhədində - Laqodexi gömrük-keçid məntəqəsində yeni infrastruktur açılacaq: “Digər keçid məntəqələrinin də yenilənməsi həyata keçirilir. Bundan başqa, böyük hissəsi 2024-cü ilə qədər başa çatdırılacaq irimiqyaslı yol tikintisi layihələrinə start verilib. Yəni dəmir yolu, dəniz limanı və aviasiya infrastrukturu yenilənir”.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.