"Beş-on il sonra Qarabağın tam olaraq dirçəlməsinin şahidi olacağıq".
"Report"un məlumatına görə, bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı iləkeçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində Türkiyə Respublikasının Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan bildirib.
Onun sözlərinə görə, ötən gün Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutub: "Füzuliyə təyyarə ilə gəlmək yuxu kimi idi. Amma dünən bu tarixi an yaşandı. Artıq dünya Azərbaycan və Türkiyənin "Bir millət, iki dövlət" olduğunu gördü. Bundan sonra da bunun belə davam edəcəyinə inanırıq".
O deyib ki, işğaldan azad olunan ərazilərdə kiçik və orta biznesin inkişafı həyata keçirilməlidir: "Onların orada inkişaf etməsi üçün işlər görülməlidir. Türkiyədə toplam işlərin 97 %-ini KOB-lar həyata keçirir".
G.Aşan əlavə edib ki, Azərbaycan və Türkiyə arasında Qars-İğdır- Naxçıvan dəmir yolu layihəsinin icrası: "Bu region üçün çox önəmlidir".
Qeyd edək ki, bu ilin fevralın 25-də Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.
Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu, həm də Dəmir İpək Yolunun bərpası deməkdir.