Gəncənin su-kanalizasiya xidməti ilə təchizatı üçün görülən işlər açıqlanıb

Gəncənin su-kanalizasiya xidməti ilə təchizatı üçün görülən işlər açıqlanıb "Azərsu" ASC "Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin 42%-ni icra edib.
İnfrastruktur
31 Yanvar , 2022 17:00
Gəncənin su-kanalizasiya xidməti ilə təchizatı üçün görülən işlər açıqlanıb

"Azərsu" ASC "Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin 42%-ni icra edib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumatda deyilir ki, dəyəri 800 milyon manat olan layihənin icrasına Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyə dəstəyi ilə “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində 2011-ci ilin sentyabr ayında başlanılıb və hazırda dövlət investisiyası hesabına davam etdirilir. Layihə Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində isə həcmi 4 000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12000 kubmetr olan 3 su anbarı, 6,9 km anbarlararası və 4 km magistral su xətti inşa edilib.

Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. Su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu və buradan Gəncə şəhərinə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilib. Gəncə şəhərinin böyüklüyü nəzərə alınaraq içməli su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. Ümumilikdə Gəncə şəhərində 855 km içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur. İndiyə qədər 360 km içməli su şəbəkəsi yaradılıb, 144 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 18000 ədəd su sayğacı quraşdırılıb.

Gəncə şəhərində inşası nəzərdə tutulan 813 km kanalizasiya şəbəkəsinin və kollektorların 263 km-lik hissəsi tikilib. Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 110 min kubmetr olan təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi