Bakı və Gəncə şəhərlərinin su təchizatı sisteminin bir hissəsi yenidən qurulacaq
- 23 aprel, 2022
- 09:22
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərsu” ASC Gəncə şəhərinin, eləcə də Bakı şəhərinin su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işləri ilə bağlı 2 açıq tender elan edib.
“Report” xəbər verir ki, hər 2 tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 2-si, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə iyunun 10-u, saat 16:00-a qədər səhmdar cəmiyyətin Bakı şəhəri, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə iyunun 13-ü qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, Gəncə şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ötən əsrin 30-cu illərindən başlanılmışdır. Müxtəlif illərdə yaradılmış 515 km içməli su şəbəkəsi mövcuddur. Gəncə şəhərinə içməli su Qızılqaya, Göygöl su mənbələrindən və subartezianlardan verilir. Gəncənin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir və ümumilikdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur.
İçməli suyu Bakıya nəql etmək üçün Xaçmazdan 2 ədəd — Şollar və 2-ci Bakı su kəmərləri, Kür və Ceyranbatan təmizləyici qurğularından magistral kəmərlər və Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.