Müstəqil Dövlətlər Birliyinin (MDB) Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının növbəti 40-cı iclasını hazırda şuraya sədrlik edən Özbəkistanın Tikinti Nazirliyi paytaxt Daşkənddə videokonfrans formatında təşkil edib.
Bu barədə “Report”a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən (DŞAK) bildirilib.
Məlumata görə, Azərbaycanı tədbirdə Komitənin sədr müavini Dövlətxan Dövlətxanov və digər vəzifəli şəxslər təmsil edib.
İclasda tikintinin planlaşdırılması və təşkili ilə bağlı norma və qaydaların, habelə şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir texnologiyaların tətbiqi, MDB-nin 2021-ci ildə qeyd olunacaq 30 illik yubileyinə həsr olunacaq tədbirlər və digər müştərək həyata keçirilə biləcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb, müvafiq qərarlar verilib.
Bununla yanaşı, iclas çərçivəsində MDB üzv-dövlətləri 2021-ci ilin “Memarlıq və şəhərsalma ili” kimi qeyd olunacağı ilə əlaqədar tədbirlər planını da müzakirə edib. Plana əsasən gələn il Azərbaycanda “MDB məkanında şəhərsalma sahəsində nailiyyətlər, problemlər və mövcud trendlər” mövzusunda elmi-praktiki konfransın və “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi”nin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclasının da 2021-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.
MDB-nin üzv-dövlətlərinin Tikinti Fəaliyyəti ilə bağlı Əməkdaşlığı üzrə Hökumətlərarası Şurası Birliyə daxil olan ölkələrdə tikinti sahəsində razılaşdırılmış siyasətin formalaşdırılması, inşaat sektorunun dayanıqlı inkişafının təmin olunması üçün aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətinin təşkili məqsədilə 1994-cü ildə yaradılıb. DŞAK Şuranın üzvüdür. Şuranın fəaliyyəti əsasən tikinti sahəsində əməkaşlığın inkişaf etdirilməsini, o cümlədən tikintidə mühəndis tədqiqatlarının aparılması, layihələndirmə, şəhərsalma sənədlərinin işlənməsi, memarlıq fəaliyyəti, inşaat materiallarının istehsalı, tikintinin təşkili və s. bu kimi istiqamətləri əhatə edir.