Gələn il “Araz Vadisi İqtisadi Zonası”nda 2 yeni müəssisə fəaliyyətə başlayacaq

İnfrastruktur
  • 12 dekabr, 2023
  • 11:09
Gələn il “Araz Vadisi İqtisadi Zonası”nda 2 yeni müəssisə fəaliyyətə başlayacaq

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) tabeliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılan 2 müəssisə tərəfindən ümumilikdə təqribən 11 milyon manat investisiyanın yatırılması, 150-dək iş yerinin yaradılması nəzərdə tutulur.

Bu barədə "Report"a İZİA-dan bildirilib.Belə ki, 2024-cü ilin oktyabrında fəaliyyətə başlaması planlaşdırılan müəssisə sənaye parkının 5 hektar ərazisində minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını həyata keçirəcək.

Müəssisədə 2 model minatəmizləyən texnikanın (piyada əleyhinə minatəmizləyən “Revival P” və Revival T” tank əleyhinə minatəmizləyən texnikaların) istehsalı həyata keçiriləcək. Eyni zamanda zavodda bu texnikalara servis xidməti də göstəriləcək. Müəssisədə ildə 100 ədəd minatəmizləyən texnikaların istehsalı planlaşdırılır. İstehsal olunacaq texnikalar işağldan azad edilmiş ərazilərdə istifadə edilməklə yanaşı, ixracı da həyata keçiriləcək.

Hazırda ərazidə planlama və qazma işləri aparılır.

İnvestisiya həcmi 7,4 milyon manat olan bu layihədə 124 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

Gələn il sənaye parkının ərazisində birinci mərhələdə həcmi 2 min ton olan sement terminalının istifadəyə verilməsi planlaşdırılır. İkinci mərhələdə isə əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa ediləcək. İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20-dən çox insanın daimi işlə təmin olunacaq. İstehsal ediləcək məhsulların daxili bazarda satışı həyata keçiriləcək.

Sənaye parkında ilk dəfə olaraq geobrick kərpiclərdən istifadəyə başlanılıb. Növbəti mərhələdə sözügedən kərpiclərdən işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində geniş istifadə olunması nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti