Fransanın “Airbus” şirkəti 2021-ci ildə kommersiya təyyarələrinin tədarükünü 8 % artıraraq 611-ə çatdırıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Qiyom Fori deyib.
Q.Fori bildirib ki, 2021-ci ilin sonuna qədər 7 082 təyyarə sifarişi qəbul edilib.
Onun sözlərinə görə, “Airbus” koronavirus pandemiyasından sonra hava nəqliyyatında davamlı artıma inanıb və dünyanın hər yerindən xeyli sayda sifariş alıb:
“Davam edən qeyri-müəyyənliyə baxmayaraq, biz müştərilərimizin ehtiyaclarını ödəmək üçün 2022-ci il ərzində istehsal həcmini artırmaq planına əməl etmək niyyətindəyik. Eyni zamanda, biz aviasiyanın gələcəyini hazırlayırıq, sənaye potensialımızı dəyişdiririk və karbonsizləşdirmə üçün yol xəritəsini həyata keçiririk", - Q.Fori qeyd edib.
Fevralın 17-də şirkət 2021-ci ilin maliyyə göstəricilərini açıqlayacaq. Şirkətin səhmlərinin 0,25 % bahalaşması gözlənilir. Son 12 ayda "Airbus"un bazar dəyəri 31 %-dən çox artaraq 92,5 milyard avroya çatıb.