Beynəlxalq Yük Ekspeditorları Assosasiyaları Federasiyası (FIATA) Azərbaycanın logistika sahəsinə dəstək göstərmək və ən yaxşı təklifləri təqdim etmək istəyir.
Bunu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Xəzər Həftəsi Forumu 2023" tədbirində "Report"un bölgəyə ezam olunmuş müxbirinə açıqlamasında FIATA-nın baş direktoru Stefan Qraber deyib.
O bildirib ki, logistika sahəsində fəaliyyət göstərən, yükdaşımaları ilə bağlı çox sayda şirkətlər var və Azərbaycanın bu şirkətlərlə əlaqə qurmasına kömək edilə bilər: "Orta dəhlizi əhəmiyyətli edən ixrac üçün logistik imkanların olmasıdır. Bu, ölkənin hansı məhsul istehsal etməsindən asılı olmayaraq belədir. Bu səbəbdən Orta dəhliz ixrac və idxal əməliyyatları üçün çox mühüm rol oynayır".
S. Qraber qeyd edib ki, logistika insanlarla, şəbəkələrlə və münasibətlərlə əlaqəli sahədir: "Dubay geopolitik vəziyyətdən də asılı olaraq çox sürətlə böyüyən bir şəhərdir. Bölgədə logistika inkişaf etdikcə Dubay bütün tərəflərin görüşməsi və müzakirə aparması üçün mərkəz rolunu oynayır. Dubay bütün şirkətlər üçün əlçatan olduğundan burada fəaliyyət göstərənlər çoxdur. Həmçinin mədəniyyət də olduqca önəmlidir. Burada "DP World" kimi şirkətlərin dəstəyi də var. Bu sahənin iştirakçılarını bir araya gətirərək logistik gələcəyi müzakirə etmək, fərqli metodları öyrənmək hər zaman vacibdir".