“Euronews”: Bakı Limanı ticarət sahəsində qlobal lider kimi rolunu gücləndirməyə çalışır

“Euronews”: Bakı Limanı ticarət sahəsində qlobal lider kimi rolunu gücləndirməyə çalışır Azərbaycanda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində ən qədim və strateji əhəmiyyətə malik limandır. Şərq və Qərb arasındakı ticarət yolunun üzərində yerləşən dəniz limanı qlobal nəqliyyat və logistika mərkəzidir.
İnfrastruktur
26 Aprel , 2024 12:20
 “Euronews”: Bakı Limanı ticarət sahəsində qlobal lider kimi rolunu gücləndirməyə çalışır

Azərbaycanda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində ən qədim və strateji əhəmiyyətə malik limandır. Şərq və Qərb arasındakı ticarət yolunun üzərində yerləşən dəniz limanı qlobal nəqliyyat və logistika mərkəzidir.

“Report” xəbər verir ki, bu barədə “Euronews”da dərc olunan “Bakı Limanı: Avrasiya ticarət habı genişlənmək və artımı sürətləndirmək üzərində çalışır” adlı məqalədə qeyd edilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovun sözlərinə görə, qlobal sarsıntılar və müharibə tədarük zəncirinin vacibliyini önə çəkib.

O, bu mənada bütün istiqamətlərdə birləşdirici halqa olan Bakı Limanının rolunu vurğulayıb: “İndi Bakı Limanı həqiqətən də XXI əsrin nəinki qitələri birləşdirəcək, həm də regionun iqtisadi inkişafına bilavasitə töhfə verəcək beşulduzlu hab kimi qayıdır”.

Məqalədə qeyd olunub ki, limanın maraqlı tərəflərinin uyğunlaşmaq, böyümək və qlobal artan ticarət tələbini ödəmək üçün aydın ambisiyaları var: “Ötən il yüklərin ümumi həcmi 7,3 milyon tondan çox olub və bu da 2020-ci illə müqayisədə 51 % çoxdur. Bundan başqa, qabaqcıl texnologiyalar, rəqəmsallaşma və avtomatlaşdırma dəniz limanının inkişafının gündəmində əsas yer tutur”.

“Rəqəmsallaşma qaçılmazdır, bu, davam edən inkişafın bir hissəsidir. Buna görə də buna ciddi yanaşırıq. Üstəlik, bu inteqrasiyanın qonşularımızla həyata keçməsinə əmin olmaq üçün təcrübəmizi bölüşəcəyik”, - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin əməliyyat direktoru Yudjin Si deyib.

Vurğulanıb ki, Bakı Limanı ətraf mühitə və ekosistemə mənfi təsirləri azaltmaq üçün ekoloji dayanıqlılıq siyasəti və praktikalarını həyata keçirir.

Müəllif xatırladıb ki, ötən il liman BMT-nin Qlobal Sazişinə qoşulub, həmçinin 2035-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı qarşısına məqsəd qoyub.

Y.Sinin fikrincə, Bakı Limanı regionun digər limanlarına nümunə olmaq və karbon emissiyalarını azaltmaq üçün “yaşıl siyasətlər”in, “yaşıl proseduralar”ın və əməliyyat proseslərinin aparıcı tərəfdarı olmaq istəyir: “Bu yaxınlarda biz gəmilərin bütün karbon emissiyalarının təxminən 60 %-ni ətraf mühitə buraxdığına dair şübhələrimizi təsdiqləyən araşdırma apardıq. Daha sonra sahib olduğumuz yük gəmilərinə və avadanlıqlarına diqqət yetirdik. Bu, bizə emissiyaları, bəlkə də, 15-20 il ərzində xalis sıfıra endirmək üçün aydın strateji plan hazırlamağa əsas verib”.

Məqalədə bildirilib ki, liman konsepsiyası təkcə ticarətlə deyil, həm də ətraf mühitin və təbiətin qorunması ilə bağlıdır: “Limanın hövzəsində hər il Afrikadan limana köç edən 200 flaminqo daxil olmaqla 40-dan çox quş növü yaşayır. Bundan başqa, liman 60 mindən çox ağac və bitki əkməklə yaşıllıq sahələrini genişləndirir. 2025-ci ilə qədər Ələt ərazisində daha 100 min ağac əkmək planlaşdırılır”.

Müəllif qeyd edib ki, daha da genişlənmə planları ilə Bakı Limanı ticarət və logistika sahəsində qlobal lider rolunu möhkəmləndirməyi hədəfləyir.

“Növbəti 5 il son dərəcə müsbət olacaq, çünki bu, beynəlxalq biznesin yavaş-yavaş bu təchizat zəncirinə qoşulduğu və maraq göstərdiyi bir dövrdür. Onlar əlaqələri daha da genişləndirmək istəyirlər”, - T.Ziyadov sonda vurğulayıb.

Son xəbərlər

Orphus sistemi