“Bölgənin logistika xəritəsində yeni marşrutların yaranması Gürcüstanın tranzit potensialına əhəmiyyətli təsir göstərməyəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Nəqliyyat Dəhlizinin Araşdırma Mərkəzinin rəhbəri Paata Tsaqareişvili deyib.
Ekspert hesab edir ki, yeni dəmir və avtomobil yollarının istismara verilməsi Gürcüstanın tranzit funksiyasının uğurla reallaşdırılmasına maneələr yaratmayacaq: “Bizim Bakı-Tbilisi-Qars dəmir yolu kimi çox etibarlı dəhlizimiz var və tezliklə Mərkəzi Asiyadan yük axınları bu dəhlizə yönəldiləcək. Gürcüstan həmçinin Rusiyadan “Lars” nəzarət-buraxılış məntəqəsi vasitəsilə çatdırılan yükləri də itirməyəcək. Belə ki, bu istiqamət ən qısa hesab olunur”.
Qeyd edək ki, rəsmi Bakı, Moskva və Yerevan Ermənistandan keçəcək dəmir yolunun inşası imkanlarını müzakirə edir. Bu istiqamət Azərbaycanı Naxçıvan şəhəri, həmçinin Rusiyanı Ermənistanla əlaqələndirəcək. Bu ərazidə avtomobil yolunun inşası da müzakirə olunur. Ermənistan və İranın Naxçıvandan keçən dəmir yolu ilə əlaqələndirilməsi imkanı da nəzərdən keçirilir.