Xəzərdə “Koroğlu” tankeri təmirə dayanıb

Xəzərdə “Koroğlu” tankeri təmirə dayanıb Təmir zamanı tankerin idarəetmə sistemləri daha müasirləri ilə əvəz ediləcək
İnfrastruktur
5 Aprel , 2017 11:11
Xəzərdə “Koroğlu” tankeri təmirə dayanıb
acsc.az

Bakı. 5 aprel. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Koroğlu” tankeri Zığ Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Gəmiçilikdən "Report"a verilən məlumata görə, tankerin sualtı hissəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərriklər, nasos və kompressorlar, digər vacib mexanizmlər təmir edilib. Bundan başqa, yük qızdırma sisteminin bütün boruları yenisi ilə əvəzlənib. Gəminin gövdəsində qaynaq işləri də yekunlaşıb. Həmçinin, istifadə müddəti bitən avar valının plastik yastıqları dəyişdirilib. Həmin yastıqlar elə Zığ Gəmi Təmiri Zavodunda hazırlanıb.

"Təmir zamanı “Koroğlu” tankerinin idarəetmə sistemləri də daha müasirləri ilə əvəz ediləcək. Görüləcək işlər tankerin yanacaq sərfiyyatının xeyli azalmasına imkan verəcək. Təmir işlərinin mayın əvvəlində başa çatdırılacağı nəzərdə tutulur. Yekunda yeni avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi sınaqdan keçiriləcək. 13 min ton yükgötürmə qabiliyyətinə malik “Koroğlu” tankeri 2006-cı ildə istismara verilib. Uzunluğu 149,9 metr, eni 17, 3 metr, sürəti 12 uzel olan gəminin 12 anbar və bir durulducu tankı var. Çətin hava şəraitində də işləməyə qadir olan gəminin dibinin və gövdəsinin ikiqat olması arzuaolunmaz vəziyyətlərdə neftin dənizə tökülməsinin qarşısını almağa imkan verir. “Koroğlu” tankeri 20 günədək sahilə yan almadan üzə bilər", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda 34 tankerdən ibarət donanmanın yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni gəmilər hesabına daha da gücləndirilməsi planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi