Ərəbuşağı və Ağalarbəyli kəndlərinin yol problemi: qışda palçıq, yayda toz

Ərəbuşağı və Ağalarbəyli kəndlərinin yol problemi: qışda palçıq, yayda toz Ağsu rayonunun Ərəbuşağı və Ağalarbəyli kəndlərinin yolları yarasız vəziyyətdədir.
İnfrastruktur
29 Fevral , 2024 17:27
Ərəbuşağı və Ağalarbəyli kəndlərinin yol problemi: qışda palçıq, yayda toz

Ağsu rayonunun Ərəbuşağı və Ağalarbəyli kəndlərinin yolları yarasız vəziyyətdədir.

"Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, beş minə yaxın əhalisi olan yaşayış məntəqələrinin yolları qışda palçıq, yayda həddən artıq tozlu olur.

Sakinlər bildirib ki, yolların yarasız vəziyyətdə olması təcili tibbi yardım maşınlarının, sürücülərin hərəkətinə maneə törədir, şagirdlərin məktəbə gediş-gəlişinə çətinlik yaradır.

Kənd sakini Nəbi Fərəcov “Report”un yerli bürosuna açıqlamasında sözügedən yolların uzun müddətdir yararsız olduğunu deyib:

"Uşaqlarımızı məktəbə qucağımızda və ya maşınla aparıb gətiririk. Çünki bu yolda piyada getmək mümkün deyil. Yol dərdindən kəndə qonaq da gəlmir. İki kəndin 9 şəhidi var, amma şəhid valideynləri övladlarının məzarını ziyarət etməyə belə gedə bilmirlər".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində öz həllini tapır:

"Bu proqram çərçivəsində Ağsu rayonu ərazisində irimiqyaslı yol infrastruktur layihələri icra olunub və icrası nəzərdə tutulur. Dövlət proqramı çərçivəsində qeyd etdiyiniz Ərəbuşağı və Ağalarbəyli avtomobil yolu daxil olmaqla ümumilikdə 157 km uzunluğa malik və 39 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur".

Qurum rəsmisi əlavə edib ki, bu yollardan 25 mindən artıq əhali istifadə edir və dövlət proqramına əsasən maliyyə vəsaiti ayrıldıqca həmin yollar növbəli şəkildə yenidən qurulacaq.

Son xəbərlər

Orphus sistemi