Ekspert: "Tədricən BTQ-yə daha çox yük cəlb ediləcək"

İnfrastruktur
  • 04 may, 2023
  • 14:01
Ekspert: Tədricən BTQ-yə daha çox yük cəlb ediləcək

Tədricən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin ötürücülük qabiliyyəti artırılacaq, bu marşruta daha çox yük cəlb ediləcək.

Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

O vurğulayıb ki, BTQ Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda) əhəmiyyətli rol oynamaqda davam edir: “Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan dəmir yolu xəttinin Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılmasına təxminən 140 milyon ABŞ dolları ayıracaq".

"Ötən ay belə məlumat yayılmışdı ki, Özbəkistan və Gürcüstan yaxın bir neçə ildə ikitərəfli ticarətin dəyərini 500 milyon ABŞ dollarına çatdırmaq istəyirlər. Eyni zamanda, onlar nəqliyyat və logistika sinerjilərini daha da inkişaf etdirməyə çalışacaqlar. Əsas diqqət Özbəkistanın BTQ dəmir yolundan Gürcüstanın Qara dəniz limanlarına çıxış qapısı kimi istifadə etməsinə yönəldiləcək. Orta Dəhliz də bu ikitərəfli əməkdaşlığın mühüm tərkib hissəsi olacaq. Qara dəniz istiqamətində olan xətlərin də şaxələndirilməsinə ehtiyac var", - deyə R.Ağamirzəyev bildirib.

O qeyd edib ki, dünyada Orta Dəhlizin önəmi artmaqda davam edir: "Bu dəhlizdə istifadəyə verilmiş yeni xidmətlər yük cəlb edilməsinə şərait yaradıb. Azərbaycan, Qazaxıstan, Türkiyə və digər iştirakçı ölkələr ilə Orta Dəhlizin optimallaşdırılması üçün geniş spektrli tədbirlər həyata keçirib. Bu tədbirlər təkcə Asiya və Avropa arasında tranzit daşımaların daha böyük seqmentini cəlb etmək deyil, həmçinin bu marşrut boyunca yerləşən ölkələr arasında əlaqəni yaxşılaşdırmaq məqsədi daşıyır. Bu istiqamətdə səylərə Xəzər dənizi boyunca limanların təkmilləşdirilməsi və bu marşrut boyunca istifadə ediləcək avtomobil və dəmir yollarının təkmilləşdirilməsi layihələri daxildir. Bu istiqamətdə 2022-ci il noyabrın 25-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüşündə qəbul edilmiş “Orta dəhlizin inkişafı və istismarı üzrə 2022–2027-ci illər üçün Yol Xəritəsi”nin mühüm əhəmiyyətini qeyd etmək olar. Yəni, Azərbaycan mühüm nəqliyyat qovşağına çevrilir".

Xatırladaq ki, BTQ dəmir yolu xətti ilə indiyə qədər 2,4 milyon tondan çox yük daşınıb. Təkcə 2022-ci ildə dəmir yolu xətti ilə 691 min ton yük daşınıb. BTQ sayəsində yüklər Pekindən (Çin) Londona (Böyük Britaniya) 12-15 günə çatdırıla bilir. Halbuki, dəniz yolu ilə, Afrikadan keçməklə Avropadan Asiyaya yükdaşımaları 45-62 gün ərzində həyata keçirilir. Rusiya marşrutundan istifadə edərkən isə yüklərin Çindən Avropaya çatdırılması 32 gün çəkir.

BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.