Ekspert: "Taksi fəaliyyəti tənzimlənəndən sonra bu sahədə neqativ hallar aradan qaldırılacaq"

Ekspert: "Taksi fəaliyyəti tənzimlənəndən sonra bu sahədə neqativ hallar aradan qaldırılacaq" Bir müddət əvvəl Daxili İşlər Nazirliyi (DİN) daxil olmuş şikayətlər əsasında “Uber” və “Bolt” şirkətlərinin sürücüləri ilə bağlı ciddi tədbirlər görüb. DİN-in məlumatına görə, bu taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik forma
İnfrastruktur
26 May , 2023 17:56
Ekspert: Taksi fəaliyyəti tənzimlənəndən sonra bu sahədə neqativ hallar aradan qaldırılacaq

Bir müddət əvvəl Daxili İşlər Nazirliyi (DİN) daxil olmuş şikayətlər əsasında “Uber” və “Bolt” şirkətlərinin sürücüləri ilə bağlı ciddi tədbirlər görüb. DİN-in məlumatına görə, bu taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə çoxsaylı şikayətlər daxil olur. Bəs bu cür neqativ halların qarşısını necə almaq olar, taksi fəaliyyəti ilə bağlı zəruri hansı addımlar görülməlidir?

“Report” bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ilə danışıb.

Onun sözlərinə görə, Bakıda taksi fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur və bununla bağlı artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib: "Taksi şirkətlərinə tapşırıqlar verilib və xəbərdarlıq edilib. Yəni, bu, daha sərt tədbirlərin görüləcəyi anlamına gəlməlidir”.

Ekspert deyib ki, artıq taksi şirkətlərinin bəziləri işə yanaşma tərzlərini dəyişdirmək istəyirlər: “Yerli taksi şirkətləri çalışırlar ki, qanuni fəaliyyət göstərmək üçün fərqlənmə nişanı alsınlar”.

E.Muradlı qeyd edib ki, taksi sürücülərinin bəzilərinin vətəndaşlarla ünsiyyət məsələsində problemləri var: “Bəzi taksi sürücüləri qadınlara, qızlara qarşı nalayiq ifadələr işlədirlər. Artıq Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb. Bu cür hərəkət edənlər arasında inzibati həbs olunanlar var, başqa cür cərimə olunanlar da var. Belə şəxsləri ictimailəşdirmək lazımdır ki, cəmiyyət onları görsün”.

O, hesab edir ki, bu halların baş verməməsi üçün ilk öncə taksi xidməti ilə bağlı nəzarət mexanizmi formalaşmalıdır: "Hazırda sürücü ilə şirkət arasında əməkdaşlığa dair bir müqavilə yoxdur, əmək müqaviləsi bağlanmır. Taksi sürücüləri ilə bağlı neqativ hallar olanda bir "qaynar xətt" fəaliyyət göstərmir, buna görə də vətəndaşlar məcbur olub polisə müraciət edirlər”.

Onun sözlərinə görə, taksi fəaliyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyinə verildikdən sonra, bu istiqamətdə ciddi tədbirlərin görüləcəyinə ümid etmək olar: "Bu sahə nəzarət etmək üçün Vahid İdarəetmə Mərkəzi yaradılmalıdır.

Taksi fəaliyyətinin tənzimlənməsində mexanizmlər qurulandan sonra bu cür neqativ halları da vaxtında aşkarlamaq mümkün olacaq. Bu gün hər adamın maşının üstünə "şahmat" qoyub, taksi sürücüsü işləməyi düzgün deyil. Yəni bu, bir xidmət sahəsi olaraq belə olmamalıdır".

E.Muradlı deyib ki, beynəlxalq taksi aqreqatorları ölkədə qeydiyyatdan keçməlidirlər: “Bu cür şirkətlər Azərbaycanın daxili qayda-qanunlarına əməl etməlidirlər. Həmin şirkətlər başqa ölkələrdə də fəaliyyət göstərirlər. Orada necə olur ki, həmin ölkələrin qayda-qanunu əsasında iş görə bilirlər, amma Azərbaycana gələndə öz qayda-qanunlarını bərqərar etməyə çalışırlar. Bunun qarşısı alınmalıdır. Azərbaycan qanunları əsasında fəaliyyət göstərməlidirlər. Vətəndaşların şəxsi məlumatlarını üçüncü tərəfə ötürməməlidirlər. Bu məsələyə ciddi nəzarət olmalıdır. Düşünürəm ki, Xarici Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahədə müəyyən addımlar atmalıdırlar”.

Son xəbərlər

Orphus sistemi