“Aralıq dənizi və Qırmızı dənizi bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzasından sonra kanalın qismən bərpası mümkün olsa da hələ də bu dəhliz tam gücü ilə çalışmır. İlkin qiymətləndirmələrə görə, bu kanalın bir həftəlik bağlanması dünya iqtisadiyyatı üçün 10 milyard ABŞ dollarına qədər xərc yaradır. Dəniz nəqliyyatının bağlanması Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlini də çətinləşdirirdi”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov “Ever Given” gəmisinin Süveyş kanalında yolu bağlaması və bunun dünya iqtisadiyyatına təsirini şərh edərkən deyib.
Onun sözlərinə görə, Süveyş kanalında baş verən son qəza neft bazarında ilk gün 5 faizə yaxın qiymət artımına səbəb olsa da təchizat ilə bağlı investorların narahatlıqları son günlər xeyli səngiyib: “Bu da “qara qızılın” birjalarda satışının bu gün 2 faizlik azalma ilə başlamasına səbəb olub. Göründüyü kimi, fundamental səbəblər olmadan neftin qiyməti hələlik 70 dollarlıq psixoloji həddi keçib və o intervalda stabilləşməsi real görünmür.
Bununla yanaşı, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini daha da artıracaq. Bu dəhliz şimaldan gələn yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradır. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin genişlənməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir.
Beləliklə, Süveyş kanalında baş verən qəza dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirdi”.