Ekspert: “Ermənistanın nəqliyyat problemləri Gürcüstanı niyə maraqlandırmalıdır?”

Ekspert: “Ermənistanın nəqliyyat problemləri Gürcüstanı niyə maraqlandırmalıdır?” “Rusiya və Ermənistan arasında işğal altında olan Abxaziya bölgəsi üzərindən dəmir yolu xəttinin açılması Gürcüstanın maraqlarına heç cürə cavab vermir”
İnfrastruktur
22 Fevral , 2021 13:12
Ekspert: “Ermənistanın nəqliyyat problemləri Gürcüstanı niyə maraqlandırmalıdır?”

“Rusiya və Ermənistan arasında işğal altında olan Abxaziya bölgəsi üzərindən dəmir yolu xəttinin açılması Gürcüstanın maraqlarına heç cürə cavab vermir”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında politoloq Tengiz Txilava deyib.

O, Gürcüstanın bu xəttə cəlb edə biləcək yüklərə sahib olmadığını bildirib: “Rusiyadan Ermənistana yüklərin daşınması Gürcüstan vasitəsilə yük maşınları ilə həyata keçirilir”.

Tengiz Txilava
Tengiz Txilava

Ekspert hesab edir ki, Gürcüstan Ermənistanın maraqları və nəqliyyat problemlərini nəzərə ala bilməz: “Ermənistan Gürcüstanın maraqlarını qətiyyən nəzərə almır. Gürcüstan Ermənistanın maraqları barədə niyə düşünməlidir? Ermənistan hər dəfə BMT-də qaçqınların Abxaziyaya qaytarılmasını nəzərdə tutan sənədin əleyhinə səs verir. Həmçinin ərazisində Gürcüstanla faktiki olaraq müharibə vəziyyətində olan Rusiyanın hərbi bazasını saxlayır. İlk növbədə, Ermənistan rəhbərliyi Gürcüstanın maraqları barədə bir az düşünsün, daha sonra biz Gürcüstanın Ermənistanın maraqlarını nəzərə alıb-almaması barədə danışarıq”.

T.Txilava deyib ki, əgər Ermənistan Rusiya ilə dəmir yolu əlaqəsi istəyirsə, müharibənin başa çatmasından sonra yaranan yeni regional infrastruktur layihələrdə iştirak edə bilər: “Azərbaycan üzərindən Rusiyaya çəkilməsi nəzərdə tutulan dəmir yol xətti həm qısadır, həm də bu layihə Ermənistanın regionun iqtisadi infrastrukturuna cəlb olunmasına kömək edə bilər”.

Siyasi ekspertin sözlərinə görə, Abxaziya yalnız işğaldan azad olunandan sonra Gürcüstanın hissəsi kimi regional layihələrə qoşulacaq: “Əminəm ki, yaradılması təklif olunan yeni regional platformalar çərçivəsində Rusiyadan başqa heç bir ölkə Abxaziya ilə Gürcüstandan ayrılıqda əməkdaşlıq etməyəcək”.

Qeyd edək ki, Abxaziyadakı separatçı rejimin “parlament”i Rusiyanın Dövlət Dumasına müraciət ünvanlayaraq Rusiya və Ermənistan arasında işğal altında olan bölgənin üzərindən dəmir yolu əlaqəsinin yaradılması üzrə layihədə iştiraka hazırlıq ifadə edib.

Son xəbərlər

Orphus sistemi