Ekspert: “Bakı-Balakən-Bakı dəmir yolu marşrutu ölkədaxili mobillikdə xüsusi əhəmiyyət kəsb edir”

Ekspert: “Bakı-Balakən-Bakı dəmir yolu marşrutu ölkədaxili mobillikdə xüsusi əhəmiyyət kəsb edir” Bu gündən Bakı-Balakən-Bakı dəmir yolu marşrutunun bərpası ölkədaxili mobillik məsələsində xüsusi əhəmiyyət kəsb edir.
İnfrastruktur
3 Yanvar , 2025 17:42
Ekspert: “Bakı-Balakən-Bakı dəmir yolu marşrutu ölkədaxili mobillikdə xüsusi əhəmiyyət kəsb edir”

Bu gündən Bakı-Balakən-Bakı dəmir yolu marşrutunun bərpası ölkədaxili mobillik məsələsində xüsusi əhəmiyyət kəsb edir.

Bunu “Report”a açıqlamasımda nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə qatarlaran hərəkətinin bərpası doğru və vacib qərardır: “Ümumiyyətlə, qatarlarla gecə səyahəti Avropada intibah dövrünü yaşayır. Gecə qatarının sürəti aşağı olsa da, qatar mənzil başına səhər tezdən çatdığına görə, sərnişinlər günlərini səmərəli şəkildə tənzimləyə biləcəklər. Bu, vətəndaşların vaxtlarını planlaşdırması baxımından mühüm əhəmiyyət kəsb edir. Yəni onlar gün ərzində işlərini həll etdikdən sonra elə həmin gün yenidən geri qayıtmaq imkanı əldə edəcəklər. Bu marşrutun bərpası əslində, ölkədaxili mobillik məsələsində xüsusi əhəmiyyət kəsb edir”.

R.Ağamirzəyev deyib ki, Bakı-Balakən-Bakı istiqamətində “Standard” sinif, “Standard plus” və “Business” sinif üzrə biletlər təklif olunduğundan vətəndaşların geniş seçim imkanları var: “Yəni onlar imkanlarına müvafiq olaraq biletlər əldə edə bilərlər. Ümumiyyətlə, dəmir yolu ilə sərnişindaşımaları digər nəqliyyat növü ilə həyata keçirilən sərnişindaşımaları ilə müqayisə etmək düzgün deyil. Çünki ilk növbədə dəmir yolu səfərlər təhlükəsiz və komfortludur. Digər nəqliyyat vasitələrində səfərin müddəti qısa olsa da, insanlar səyahət zamanı daha çox yorulurlar. Amma qatarla səyahət zamanı müxtəlif xidmətlərdən istifadə etmək mümkündür. Üstəlik, dəmir yolu ilə səyahət insanlarda fərqli hisslər yaradır. İlk növbədə bunun davamlı olmasını arzulayıram. Bunun ardı da gəlməlidir. Əslində, bu, cəmiyyətin də istəyidir. Azərbaycanın dəmir yolu şəbəkəsi ölkənin bütün ərazisi boyu uzanır. Amma bütün istiqamətlərdə qatar səfərləri mümkün deyil. Odur ki, bu sahədə potensialdan istifadə etmək lazımdır”.

O bildirib ki, Bakı-Balakən-Bakı marşrutunun bərpası turizm sahəsinin inkişafına müsbət təsir göstərəcək: “Ümumiyyətlə, Azərbaycanın böyük turizm potensialı mövcuddur. İlk növbədə turistlərin regionlara səfərinə imkanlar yaratmaq lazımdır. Bu mənada dəmir yolunun müstəsna əhəmiyyəti var. Məsələn, turistlərin qrup halında səfərlərini təşkil etmək mümkündür. Turistlər bu marşrut boyu yerləşən bölgələrə səfər edə bilərlər. Lakin elə regionlar var ki, orada dəmir yolu stansiyası şəhərdən, yaxud mərkəzi hissədən bir az uzaqda yerləşir. Buna görə də dəmir yolu stansiyaları ilə şəhərlər arasında əlaqəni təmin edəcək ictimai nəqliyyatın – avtobusların xətdə buraxılmasına ehtiyac duyulur. Bu, turistlərə günün istənilən vaxtında dəmir yolundan şəhərə çatmağa imkan yaradacaq. Buna nümunə kimi “Ekspres avtobuslar”ı göstərmək olar”.

Ekspert sonda vurğulayıb ki, “Azərbaycan Dəmir Yolları” QSC köhnə qatarları restavrasiya edərək Bakı-Böyük Kəsik, Bakı-Ağdam, Bakı-Astara, Bakı-Yalama, Bakı-Horadiz və digər istiqamətlərdə istismara verə bilər: “Bu, həmçinin regionlara çox ciddi əlaqəni təmin edəcək. Bununla birgə gündüz qatarları təşkil etmək mümkündürsə, bu istiqamətdə də addımlar atılmalıdır. Hətta bu mənada qatarların sürətinin aşağı olmasını da arqument kimi nəzərdən keçirmək olmaz. Çünki insanların mobilliyi yönündə təkliflər vermək lazımdır. Bu, Azərbaycan vətəndaşının paytaxta və Bakıdan bölgələrə səfər etmələri üçün vacibdir. Bu isə regionların inkişafına birbaşa təsir göstərir. Nəqliyyat əlçatanlığı nə qədər çox olarsa, regionlara da maraq bir o qədər böyük olacaq. Bir sözlə, dəmir yolu ilə sərnişindaşımalarında nə qədər çox seçim olarsa, bir o qədər yaxşıdır. Sadəcə digər marşrutların da bərpasına ehtiyac var”.

Xatırladaq ki, Bakı-Balakən-Bakı marşrutu üzrə yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, yanvarın 4-də isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Qatar Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya isə 8 saat 40 dəqiqəyə çatacaq. Marşrut üzrə Bakıdan Balakənə kimi bir istiqamətə gedişhaqqı "Standard" sinif üçün yerlərdə 18 manatdan, "Standard Plus" 27 manatdan, "Business" sinfi üçün isə 72 manatdan başlayır. Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq.

Son xəbərlər

Orphus sistemi