Ekspert: “Azərbaycan regionun aparıcı elektrik enerji ixracatçısına çevriləcək”

Ekspert: “Azərbaycan regionun aparıcı elektrik enerji ixracatçısına çevriləcək” Elektrik enerji generasiyasının artırılması yönündə Azərbaycanda həyata keçirilən layihələr bizi regionun aparıcı elektrik enerji ixracatçısına çevirəcək.
İnfrastruktur
13 Fevral , 2023 17:38
Ekspert: “Azərbaycan regionun aparıcı elektrik enerji ixracatçısına çevriləcək”

Elektrik enerji generasiyasının artırılması yönündə Azərbaycanda həyata keçirilən layihələr ölkəni regionun aparıcı elektrik enerji ixracatçısına çevirəcək.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı çıxışına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, bu gün 1 280 MVt gücündə olan ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması Azərbaycanı bu hədəfə bir az daha yaxınlaşdıracaq: “Enerji təhlükəsizliyinin təmin olunması Azərbaycan üçün hər zaman əsas prioritetlərdən biri olub. Azərbaycan Prezidenti İlham Əliyevin də bugünkü təməlqoyma mərasimində qeyd etdiyi kimi son 20 ildə ölkədə ümumi generasiya gücü 3 400 meqavata bərabər olan 34 elektrik stansiyası tikilib. Nəticədə ölkənin ümumi generasiya gücü 7 200 meqavata çatdırılıb. Yeni stansiya faktiki olaraq gücümüzə güc qatmış olacaq.

Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi işlər isə enerji təhlükəsizliyimizin dayanıqlılığını təmin etməklə ölkənin ixrac potensialını artıracaq. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Xarici investorlarla imzalanmış sənədlərə əsasən böyük hissəsi Xəzər dənizində olmaqla 25 qiqavata qədər günəş və külək enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Bunun 80 %-nin ixraca gedəcəyi gözlənilir”.

Ekspert hesab edir ki, stansiyanın tikintisi üzrə xarici tərəfdaş kimi İtaliya şirkəti “Ansaldo”nun seçilməsi iki ölkə arasınsda uzun illər mövcud olan strateji tərəfdaşlığın göstəricisidir: “İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Neftimizin böyük hissəsi məhz bu ölkəyə ixrac edilir. Trans-Adriatik Boru Kəməri fəaliyyətə başlayandan isə həm də təbii qazımız İtaliya bazarına çatdırılır. İki ölkənin etibarlılıq prinsipi əsasında qurduğu uzunillik iqtisadi tərəfdaşlığı digər sahələrə də siraət edib".

A. Həsənli xatırladıb ki, ötən ilin aprelində Bakıda təməli qoyulan İtaliya-Azərbaycan Universiteti bunun bariz nümunəsidir: "Azərbaycan-İtaliya münasibətlərinin əhəmiyyəti mövcud geo-siyasi gərginlik fonunda keyfiyyətcə yeni səviyyəyə yüksəlib desək yanılmarıq. Ölkəmiz artıq təkcə İtaliya üçün deyil bütöv Avropa üçün vacib partnyora çevrilib. Bu gün “köhnə kontinet” Azərbaycanı öz enerji təhlükəsizliyinin əsas həlqələrindən biri kimi qəbul edir. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bunun təsdiqidir. Zamanla bu tərəfdaşlığın dərinləşməsini müşahidə edəcəyik. Bu, ölkəmizə maddi gəlirlə yanaşı həm də qeyri-maddi dividendlər vəd edir. Söhbət Azərbaycanın regional lider statusunun möhkəmlənməsindən gedir”.

Son xəbərlər

Orphus sistemi