Daşkəsəndə dörd il əvvəl tikilən yol bərbad vəziyyətə düşüb

Daşkəsəndə dörd il əvvəl tikilən yol bərbad vəziyyətə düşüb Doqquz yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun bəzi hissələrində dağıntılar və çökmələr yaranıb.
İnfrastruktur
18 Noyabr , 2022 10:43
Daşkəsəndə dörd il əvvəl tikilən yol bərbad vəziyyətə düşüb

Doqquz yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun bəzi hissələrində dağıntılar və çökmələr yaranıb.

Bu barədə "Report"un Qərb bürosuna yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, uzunluğu 24,5 kilometr olan bu avtomobil yolunun bəzi hissələrində asfalt örtük dağılıb və yolda çökmələr əmələ gəlib. Bildirilib ki, buna normadan artıq yük daşıyan iritonajlı avtomobillərin hərəkəti səbəb olub. Bu isə yolda digər nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Sakinlər bildiriblər ki, yolun bərbad vəziyyətə düşməsi səbəbindən burada tez-tez avtomobil qəzaları baş verir. Bundan əlavə, əsasən gecə saatlarında yola tam bələd olmayan sürücülər idarə etdikləri nəqliyyat vasitələrini çuxura salır. Bununla da nəqliyyat vasitələrinə ciddi ziyan dəyir və yaxud anidən idarəetmədən çıxan avtomobil qəzaya düşür.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, həmin yolda yaranmış fəsadlarla bağlı məlumatlıdırlar: "Bizdə bununla bağlı məlumat var, hətta rəhbərlik tərəfindən bu məsələ nəzarətdədir. Hava şəraiti imkan verən kimi həmin yolda təmir-bərpa işləri aparılacaq, yük daşıyan maşınlara nəzarətin gücləndirilməsi üçün isə tapşırıqlar verilib. Ərazidə Agentliyinin Avtomobil Yollarının Mühafizə Xidməti Püblik Hüquqi Şəxsi fəaliyyət göstərir. Həmin xidmətin əməkdaşları Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının köməyi ilə yollarda yükdaşıyan maşınlara nəzərət edərək, normadan artıq yüklənmiş maşınların hərəkətinin qarşısını alacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ilin oktyabrın 24-də Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon (on üç milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Həmin il yolda tikinti işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi