Cəlilabadda bir küçənin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanılıb

İnfrastruktur
  • 02 iyun, 2022
  • 13:18
Cəlilabadda bir küçənin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanılıb

Cəlilabadda Səttarxan küçəsinin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanıb.

"Report"un Muğan bürosuna bu barədə həmin küçənin sakinləri məlumat verib.

Sakinlər deyirlər ki, evlərinə getmək üçün iki-üç kilometr əlavə yol qət edirlər:

"Bunun səbəbi əsas prospektin təmir olunarkən ara küçələrə giriş-çıxışın bağlanması olub: "Yeni Ələt-Astara magistral yolu istifadəyə veriləndən sonra Səttarxan küçəsinin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlandı. Əvvəllər bu döngələrin hər birinin Heydər Əliyev prospektinə çıxışı vardı. Sonradan bu çıxışlar bağlandı".

Onların sözlərinə görə, prospektdən təxminən 50 metr məsafədə yerləşən evlərinə bir neçə kilometr əlavə yol gedərək çatırlar.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu addım piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb: "Heydər Əliyev prospekti avtomobillərin intensiv hərəkət etdiyi yol olduğundan və prospekt yeni Ələt-Astara magistralına çıxdığından Səttarxan küçəsinin bütün döngələri bağlanıb. Yalnız alternativ yolu olmayan döngələrin çıxışları açıq saxlanıb".