Cəlilabadda 14 kəndi birləşdirən yol qəzalı vəziyyətdədir

İnfrastruktur
  • 22 avqust, 2022
  • 13:29
Cəlilabadda 14 kəndi birləşdirən yol qəzalı vəziyyətdədir

Cəlilabad rayonunda 14 kəndi birləşdirən magistral yol qəzalı vəziyyətdədir.

Bu barədə "Report"un Muğan bürosuna kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, 14 kəndi birləşdirən Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolu dağılmaq təhlükəsi ilə üz-üzədir:

"Bu yol bir neçə il öncə istismara verilib. Amma yolun təxminən 20 km-lik hissəsi yararsız vəziyyətdədir. Yolda əmələ gələn iri çartlar, çalalar və qoyulan aldadıcı yamaqlar tez-tez bizə problem yaradır. Yağışda, qarda bu yolda hərəkət daha da çətinləşir, texnikanın hərəkətində problem yaranır. Biz də istərdik ki, rahat gedək-gələk, nəqliyyat vasitələrinin hərəkətində problem olmasın".

Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu yol artıq regionların sosial-iqtisadi inkişafı dövlət proqramına salınıb.

Qeyd edək ki, ümumi uzunluğu 34 km, eni 8 metr olan yol 4-cü texniki dərəcəyə aiddir və gündəlik olaraq 20 mindən çox əhali bu yoldan istifadə edir.