Hazırda Azərbaycanda 980 dövlət standartı mövcuddur. Bunun 15-i bu ilin yanvar-iyul aylarında təsdiq edilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Məlumatda həmçinin deyilir ki, “Standartlaşdırma haqqında” qanuna əsasən, dövlət standartlarını Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu təsdiq edir və bu işlər 3 illik milli standartlaşdırma proqramı əsasında həyata keçirilir.
İqtisadiyyat Nazirliyi “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişikliklərin edilməsi Qaydası”nın layihəsini Nazirlər Kabinetinə təqdim edib. Qayda təsdiq edildikdən sonra ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərindən irəli gələn dövlət standartlarının qəbulu məqsədilə milli standartlaşdırma proqramının hazırlanması nəzərdə tutulur.