Bu il BTQ ilə daşınmış yüklərin həcmi 26 % artıb

Bu il BTQ ilə daşınmış yüklərin həcmi 26 % artıb Bu il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 540 min ton yük daşınıb, bu, 2021-ci illə müqayisədə 26,1 % çoxdur.
İnfrastruktur
22 Noyabr , 2022 15:03
Bu il BTQ ilə daşınmış yüklərin həcmi 26 % artıb

Bu il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 540 min tonadək yük daşınıb, bu, 2021-ci illə müqayisədə 26,1 % çoxdur.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov news.ru nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən il BTQ vasitəsilə 428 min ton yük daşınıb: “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə 2007-ci ildə başlanılıb, birinci xətt 2017-ci ildə istifadəyə verilib. 850 kilometrlik yol bizim üçün böyük imkanlar, o cümlədən Avropa məkanına çıxış üçün və bu gün qərb marşrutunda böyük potensial yaradır”.

Qeyd edək ki, Azərbaycan tərəfində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə tikinti işləri tam yekunlaşıb. Gürcüstan tərəfində isə BTQ ilə bağlı tikinti işlərinin 86 %-i yekunlaşıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi