Bu il Azərbaycanda Türkiyənin qabaqcıl təcrübəsi nəzərə alınmaqla 12 yeni etalon laboratoriyasının yaradılması nəzərdə tutulub.
“Report” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, laboratoriyalar Xidmətin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) balansında yaradılacaq.
Bu barədə Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Gəbzə qəsəbəsində yerləşən Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) keçirilmiş görüşdə bildirilib.
"Həmin laboratoriyalar nəmlik, həcm, tibb, dalğa uzunluğu, həndəsi, müqavimət, elektromaqnetik, radiodalğa, qüvvə, vaxt və tezlik, sərtlik və fotometriya sahələrini əhatə edəcək. Sözügedən laboratoriyaların qurulması ilə ölkədə ölçmələrin dəqiqliyinin təmin edilməsi sahələri genişləndiriləcək. AzMİ ilə TÜBİTAK UME arasında həyata keçirilən layihənin ikinci mərhələsi zamanı isə daha 15 yeni etalon laboratoriyasının yaradılması planlaşdırılır", - məlumatda deyilir.
Qeyd edək ki, 2022-ci il 30 sentyabr tarixində Azərbaycan Metrologiya İnstitutu metrologiya sahəsinin təkmilləşdirilməsi və yeni ölçmə imkanlarının artırılması məqsədilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb.