BTQ-nin potensialından istifadə ilə bağlı struktur maneələri aradan qaldırılacaq

BTQ-nin potensialından istifadə ilə bağlı struktur maneələri aradan qaldırılacaq Azərbaycan, Gürcüstan və Türkiyə arasında bu günlərdə imzalanmış protokolun icrası Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin potensialından istifadə ilə bağlı struktur maneələrini aradan qaldıracaq.
İnfrastruktur
14 Oktyabr , 2021 16:06
BTQ-nin potensialından istifadə ilə bağlı struktur maneələri aradan qaldırılacaq

Azərbaycan, Gürcüstan və Türkiyə arasında bu günlərdə imzalanmış protokolun icrası Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin potensialından istifadə ilə bağlı struktur maneələrini aradan qaldıracaq.

“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Xatırladaq ki, sözügedən sənədə oktyabrın 7-də İstanbulda keçirilmiş Beynəlxalq Nəqliyyat və Rabitə Şurasının 12-ci iclasında imza atılıb. Protokol BTQ-nin inkişaf etdirilməsini nəzərdə tutur.

"Tezliklə bu protokolun nəticələrini görəcəyik. Bu günlərdə İstanbulda keçirilmiş iclas çərçivəsində BTQ-yə dair görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Bu dəmir yolu xətti region ölkələrinin iqtisadiyyatına töhfə verir. İnanırıq ki, marşrut üzrə həyata keçirilən yükdaşımalar artacaq, BTQ digər nəqliyyat dəhlizləri ilə rəqabət aparacaq səviyyəyə çatacaq. Marşrutdakı problemlərin aradan qaldırılması ilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üstünlük verilən dəmir yolu xəttinə çevriləcək".

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi