Bu ilin I yarısında Azərbaycanda beynəlxalq avtomobil daşımaları ilə məşğul olan 204 fiziki və hüquqi şəxs olub.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Son 1 ildə beynəlxalq avtomobil daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sayı isə 2,7 dəfə artaraq 7 208-ə çatıb.
Hesabat dövründə daşıyıcılara 1 il əvvələ nisbətən 29,7 % çox “İcazə” blankı verilib. Bu da beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan daşıyıcılarının aktivliyinin 22,4 % artması deməkdir.
Azərbaycanla ən çox beynəlxalq avtomobil daşımaları həyata keçirilən ölkələr üzrə ikitərəfli avtomobil daşımaları bazarında 4 % artım qeydə alınıb. Ötən ilin yanvar – iyun ayları ilə müqayisədə həmin istiqamətlər üzrə həyata keçirilən daşımalarda Azərbaycan daşıyıcılarının iştirakı 6 815 ədəd artıb, xarici daşıyıcıların iştirakı isə 2 234 ədəd azalıb. Qonşu ölkələr üzrə Azərbaycan daşıyıcılarının bazar payı Türkiyə istiqamətində 7,7 %, Gürcüstan istiqamətində 10,2 %, Rusiya istiqamətində 5,4 %, İran istiqamətində isə 7,2 % artıb.
2021-ci ilin ilk 6 ayı ilə 2022-ci ilin eyni dövrünü müqayisə etdikdə Azərbaycanda beynəlxalq avtomobil daşımaları bazarının 3,2 % böyüməsi müşahidə olunur. Bu bazarda yerli daşıyıcıların payının artması da nəzərəçarpandır. Belə ki, Azərbaycanla tərəfdaş ölkələr arasında bazar payı paritetə yaxınlaşır. Ötən il yerli daşıyıcıların payı 39,5 % idisə, 2022-ci ildə bu rəqəm 47 % təşkil edir.
Azərbaycan daşıyıcıları 2021-ci ilin ilk 6 ayında 8 242 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2022-ci ilin müvafiq dövründə bu göstərici 12 726 olub. Bu da öz növbəsində üçüncü ölkələrə bu xidmətlərin ixracında 54,4 % artım deməkdir.