Balaxanı poliqonunun istifadə müddəti daha 20 il uzadılıb
- 13 yanvar, 2022
- 07:16
Bakı bərk məişət tullantılarının yandırılması zavodunda son 10 ildə (fəaliyyətə başlayandan 2021-ci ilin sonuna kimi) 4 milyon tondan çox tullantı zərərsizləşdirilmiş və nəticədə 1 milyon 586 min 394 MVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə "Report"a "Təmiz Şəhər" ASC-dən bildirilib.
Məlumata görə, ötən müddət ərzində termik üsulla emal edilən tullantılar ümumi həcmi 10 dəfəyə qədər azaltmış və yandırılmadan sonra yaranan dib külü yol tikintisində istifadə olunub. Bununla da poliqonun daha tez dolmasının qarşısı alınmış və ömrü daha 20 ilə qədər uzadılıb. Bu o deməkdir ki, 2013-cü ildən 2021-ci ilə qədər ötən 9 il ərzində basdırılma üsulu ilə zərərsizləşdirməyə təxminən 20 il qənaət edilib.
"Ötən əsrin ortalarından başlayaraq Bakı şəhərində əmələ gələn bərk məişət tullantıları Balaxanı tullantı poliqonuna gətirilərək burada yandırılırdı. İllərlə bu ərazidə yaşanan ekoloji gərginlik həm Bakı şəhərinin havasını çirkləndirirdi, həm də ətrafda yaşayan insanlar qoxu və tüstüdən şikayətlənirdi. İndi isə bu ərazidə əvvəlki kimi nə tüstü, nə qoxu, nə də ekoloji gərginlik var. Əksinə, abadlaşdırılaraq yaşıllıq zolaqları salınan ərazi, yeni nəsil avadanlıqlarla təchiz edilən tullantıların emal müəssisələri ətraf mühitə töhfə verməklə yanaşı iqtisadi səmərə də gətirir", - ASC-dən bildirilib.
Qeyd edək ki, Balaxanı poliqonu 2009-cu ildə “Təmiz Şəhər” ASC-nin balansına verildikdən sonra burada ilk növbədə illərlə qalaqlanaraq yandırılan tullantıların söndürülməsi prosesinə başlanılıb. 120 hektar sahəni əhatə edən əvvəlki poliqonun yerində yeni və müasir standartlara cavab verən sanitar poliqonun tikintisi həyata keçirilib. Ötən müddət ərzində poliqon ətrafında 14 mindən çox müxtəlif növ ağac əkilərək yaşıllıq zolaqları salındı. Bir vaxtlar qoxudan və tustüdən yaxınlığına getmək mümkün olmayan Balaxanı tullantı poliqonunun görünüşü tamamilə dəyişdi. Yaxınlıqda Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Bakı bərk məişət tullantılarının yandırılması zavodu və Balaxanı Sənaye Parkı inşa olunaraq istifadəyə verildi.
“Təmiz Şəhər” ASC tərəfindən Bakı şəhərində il ərzində 750-800 min tona qədər tullantı qəbul edilir. Qəbul edilən tullantılar çeşidləndikdən sonra təkrar emala yararlı kütlə ayrılaraq Balaxanı Sənaye Parkına göndərilir. Digər hissəsi isə Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılaraq elektrik enerjisi əldə edilir. Müəyyən növ tullantılar isə Balaxanı şəhər tullantılarının zərəsizləşdirilməsi poliqonunda basdırılır.
Tullantıları böyük həcmdə zərərsizləşdirən Bakı bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ildən fəaliyyət göstərir. illik yandırma gücü 500 min ton olan zavodda tullantıların yandırılması nəticəsində ildə 231,5 milyon KVt/saat elektrik enerjisi istehsal olunur. Əldə edilən elektrik enerjisi yüksək gərginlikli xətlər vasitəsi ilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür. Qeyd edək ki, zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Dördüncü nəsil (4G) texnologiyaların tətbiq edildiyi bu zavod ətraf mühitin mühafizəsi sahəsində Avropa Birliyinin ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub.