Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin mərkəzi küçəsinin əsaslı şəkildə təmirinə başlayıb.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, işlər 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq aparılır. Uzunluğu 700, eni isə 9 metr təşkil edən sözügedən küçə qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur və keçdiyi ərazi üzrə xüsusi əhəmiyyətə malikdir.
Torpaq örtüklü olan küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.
Bundan başqa, vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib, küçə boyu 22 kəsişmə ilə bərabər səkilərin kənarlarına 2 min paqon-metrdən çox səki daşı düzülüb.
Aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Hazırda küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yaxın günlərdə bu işlərin icrası yekunlaşdırılacaq və küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.