Bakıdakı "Fəhlə əlləri" parkı təmir olunub

Bakıdakı "Fəhlə əlləri" parkı təmir olunub Səbail rayonu, 20-ci yaşayış sahəsi, Arif İsmayılov küçəsində yerləşən “Fəhlə əlləri” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.
İnfrastruktur
1788
30 Dekabr , 2020 13:54
Bakıdakı Fəhlə əlləri parkı təmir olunub

Səbail rayonu, 20-ci yaşayış sahəsi, Arif İsmayılov küçəsində yerləşən “Fəhlə əlləri” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.

Bu barədə "Report"a Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən “Fəhlə əlləri” parkı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.

İcra Hakimiyyəti tərəfindən parkda aparılan yenidənqurma işlərinə bu ilin əvvəlindən başlanılıb, layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib və 2800 kv.metr ərazidə geniş abadlıq işləri həyata keçirilib. Burada 10 metr hündürlüyündə “Fəhlə əlləri” abidəsi rəssamlar tərəfindən yenilənərək bərpa olunub.

Eyni zamanda, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq parkda onlar üçün xüsusi guşələr yaradılıb. Əhalinin istirahəti üçün 1 ədəd ümumi sahəsi 115 kv.metr olan söhbətgah quraşdırılıb və yeni oturacaqlar qoyulub, uşaq meydançaları salınıb və burada uşaq əyləncə və idman qurğuları quraşdırılıb. Parkda 1250 kv.metr ərazidə yaşıllıqlar salınıb, o cümlədən 145 ədəd müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilmiş və müasir işıqlandırma sistemi ilə təchiz edilib.

Qeyd edək ki, 1978-ci ildə neftçilərin və bütövlükdə Bakı əhalisinin istifadəsinə verilən “Fəhlə əlləri” parkı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. Parkda Azərbaycan neftçilərinin şərəfinə ucaldılan möhtəşəm abidənin müəllifləri Sirus Mirzəzadə, Rəşid Heydərzadə, Arif Ələsgərov və Elxan Tahirovdur.

Son xəbərlər

Orphus sistemi