Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də məlumat yayıb.
Qurumdan "Report"a bildirilib ki, bu gün səhər saatlarında "Bakı Dairəvi-1" avtomobil yolunun Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yolla hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 10 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb.
Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb. Qəza nəticəsində deformasiyaya uğtamış yük maşını yolun hərəkət hissəsindən qaldırıcı kran vasitəsi ilə kənarlaşdırılıb.
Qəza zamanı yol təsərrüfatına da ziyan dəyib, yol kənarında olan əyri-xətli dəmir tirlər, yol nişanı və məlumatverici lövhə sıradan çıxıb. Qəzanın fəsadlarının aradan qaldırılması və yol ilə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması üçün əraziyə agentliyin canlı qüvvəsi cəlb olunub.
Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, diri toyuq daşıyan yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə içərisində toyuqların olduğu yeşiklər asfalta tökülüb.
Hadisə nəticəsində yük avtomobilinin sürücüsü ağır xəsarət alıb.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yük avtomobili aşdığından Moskva prospektindən Biləcəri dairəsi istiqamətdə gedən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.
Faktla bağlı araşdırma aparılır.