Bakıda yol kəsişmələrində “sarı kəsişmə toru”nun tətbiqi istiqamətində işlərin növbəti mərhələsinə başlanılıb.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bu çərçivədə əsasən şəhərin mərkəzi hissəsini əhatə edən yol kəsişmələrində müvafiq nişanlanma işləri aparılacaq. Bununla yanaşı 15 yol kəsişməsində təşkil edilən sarı kəsişmə toru nişanlanma xətlərinin yenilənməsi işləri də icra olunur. Ümumilikdə 74 yol kəsişməsində sarı kəsişmə torunun tətbiqi nəzərdə tutulub. Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır.
"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarına riayət etmələrini sürücülərimizdən xahiş edirik. “Sarı kəsişmə toru”-nun tələblərinə əməl edib ümumi hərəkətə maneə yaratmayan sürücülərimizə isə təşəkkür edirik", - agentlik bəyan edib.