Bakıda qanunsuz tikintiyə və ictimai ərazilərin zəbt edilməsinə qarşı monitorinqlər gücləndirilib

İnfrastruktur
  • 11 iyul, 2025
  • 17:13
Bakıda qanunsuz tikintiyə və ictimai ərazilərin zəbt edilməsinə qarşı monitorinqlər gücləndirilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtda qanunsuz tikintiyə və ictimai ərazilərin zəbt edilməsinə qarşı monitorinqləri gücləndirib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, bu gün qurumda 2025-ci ilin I yarısının nəticələrinə dair müşavirə keçirilib. Müşavirədə Baş İdarənin hesabat dövründə gördüyü işlər, əldə etdiyi nəticələr əsasında mövcud irəliləyişlər və qarşıda duran hədəflər müzakirə edilib.

Baş İdarənin rəisi Read Qasımov son 6 ayda paytaxtın Baş planının icrası istiqamətində atılan mühüm addımlar, hazırlanan yeni şəhərsalma layihələri, ictimai məkanların yenilənməsi və qorunması, eləcə də Elektron Tikinti Portalının (e-tikinti.gov.az) təkmilləşdirilməsi sahəsindəki əhəmiyyətli irəliləyişlər barədə ətraflı məlumat verib, Bakının müxtəlif ərazilərində qanunsuz tikinti və ictimai sahələrin zəbtinə qarşı şəhərsalma nəzarəti çərçivəsində monitorinqlərin gücləndirildiyini bildirib.

R.Qasımov gələcək hədəflər sırasında çevik və şəffaf idarəetmə, tikintiyə və istismara icazələrin verilməsində şəffaf mexanizmlərin genişləndirilməsi, ictimai iştirakçılığın artırılması, şəhərsalma nəzarətinin daha da təkmilləşdirilməsi və ən əsası, şəhərimizin memarlıq siması, mədəni irsi və şəhər kimliyinin qorunmasının prioritet olaraq qaldığını vurğulayıb.

Sonda əməkdaşlar da öz təklif və təşəbbüslərini səsləndirib, vacib məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.

44 filmi